Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə koronavirusun gözə təsiri ilə bağlı müsahibə verib.
"Medicina" xəbər verir ki, həkim kovidin gözlərə təsiri barəsində açıqlama verib.
"COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər. Statistikaya görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir. Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi.
Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.
Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görməni zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur.
COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir. İnfeksiyanın qarşısını almaq üçün əllərinizi tez-tez yuyun, şəxsi gigiyena qaydalarına əməl edin, mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməyənlərlə təması məhdudlaşdırmaq, xəstəliyin ilk əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.
Əgər yoluxmuş şəxslə təmasda olmaq məcburiyyətindəsinizsə, o zaman xüsusi qoruyucu eynəklərə üstünlük verilməlidir. Ümumiyyətlə, eynək yalnız günəşli havalarda deyil, soyuq havalarda da istifadə edilməlidi."
Aygün Musayeva