Bakıda "Atletlər kəndi" kimi məşhur və 10 binadan ibarət kompleksdə koronavirusa yoluxmuş şəxsləri və xaricdən gələn vətəndaşları yerləşdirirlər.
Virusa yoluxmuş pasiyentlərdən biri, 36 yaşlı A.Q. adlı 3 uşaq anası da Atletlər Kəndində baş verənləri medicina.az-a bölüşüb.
“ İLk olaraq qeyd edim ki, virusa övladımı son 25 gündə şəxsi maşınımızla, Narınc psixoloji mərkəzə mülaicəyə apararkən yoluxduğumu dəqiq bilirəm.
Maska taxır, bütün günü əllərimi spirtləyirdim. Amma orda o qədər qadın, xüsusən yaşlılar, hətta müxtəlif rayonlardan gələnlər var idi ki, hər kəsdən yoluxa bilərdim. Sanitar-gigiyenik tədbirlər görülmürdü.
Mən ilk öncə dad, qoxu bilməni itirdim. Ağzım qurudu. Kürəyim yanırdı, boğazım, ağciyərlərim ağrıyırdı. Öskürəkdən çox boğulma olurdu. Nəfəsim ağırlaşdı.Təcili yardım çağırdıq, iynə vurdu, parasetamol verdi, test götürüb getdi.
2 gün sonra yoldaşıma zəng etdilər ki, testi müsbət çıxıb, gəlirik, düşsün aşağı, onu aparacağıq. Həmin an dünya başıma fırlandı. Anam 2 gün mənimlə idi, çağırmışdım ki, uşaqlara baxsın. Elə bildim xəstəxanaya aparacaqlar. Heç bəzi əşyalar da götürə bilmədim.
Məni Atletlər kəndinə gətirdilər. Burda şərait otel kimidir, binalar ayrılıb. testi pozitiv çıxanların binası ayrı,xaricdən gəlib, karantinə alınanların binası ayrı. Biz sanki ev şəraitində qalırıq.
Təmizlik, sanitar qovşaq suyu yaxşıdır. Gündə bir neçə dəfə tibb bacısı gəlib qızdırmanı ölçür. Baxmayaraq ki, qızdırmam yoxdur, özüm çox zəifəm. Ona görə kömək, müalicə istədim. Tibb bacısı həkim göndərdi. Mənə sistem qoydular.
Əgər qızdırmam qalxsa, vəziyyət kritikləşsə, dərhal təcili yardımla xüsusi xəstəxanaya aparırlar. Əsas odur ki, xəstə özbaşına qalmır, nəzarətdədir.
Burda qulluqdan, şəraitdən razıyıq.
Nəyi istəyirik, soruşuruq edirlər. Yemək yaxşıdır, çay verilir. Çox yüngül və simptomsuz xəstələr foyedə yığışıb söhbət edirlər, mən ora getmirəm.
Ailə üzvlərindən kimsə nəsə gətiribsə, istər qida, istər geyim, lazımi əşya aşağıdan çantanı verib gedirlər. Bura xəstəxanadan yaxşıdır , amma yenə də qorxuludur.
Bir qədər vitaminlər, sistemlər vəziyyətimi düzəltdi. Rentgen olunmuşuq. Xəstələrdən 3 dəfə test götürüləcək. Əgər ikinci testim mənfi çıxsa, bəlkə evə buraxdılar”.
Müsahibimiz koronavirusun fərqli olduğunu təsdiqlədi.
“Bəli, mən də yüz dəfə qrip olmuşam, aylarla öskürmüşəm, amma bu virusda hiss etdiklərin bir ayrıdır. Bir də görürsən nəfəsin çatmır, halın xarab olur. Qəribə qorxu gəlir insana. Hələ mən cavanam, ciyərlərim təmiz çıxıb, yaşlılar, xəstəliyi olanlar buna tab gətirə bilməz. Çox çətindir. Nəfəs sanki gedir gəlmir.
Koronavirus var, buna artıq hər kəs inansın. Heç nə olmaz deməyin, olur və olacaq.
Elə insanlar var ki, xəstələnir, amma səsini çıxarmır, gizlədir, evdə qalır, bununla da ətrafı, qohumnları, qonşuları təhlükəyə atır.
Artıq Atletlər kəndində bütün korpuslar doludur. Təcili yardım maşının səsləri kəsilmir. Hətta ailələr var, ata, ana, uşaqları gətirilib, bir otaqda qalırlar.
Özümə söz vermişəm ki, sağ-salamat evə gedim, 1 ay evdən çölə çıxmayacam.
Karantin tədbirləri gərək ləğv olunmayaydı. Kimə lazımdır indi bu qədər xəstə. 3 uşağımdan, ailəmdən uzaq, ürəyim partlayır. Şükür ki, ailə üzvlərimdə test müsbət çıxmadı. Yoxsa ürəyim dözməzdi”.