“COVID-19 pandemiyası ilə mübarizənin ikinci mərhələsinə başlanılanda artıq virus haqqında bizlərə bir çox şeylər məlum idi. Buna baxmayaraq, virusun öyrənilməsi istiqamətində elmi araşdırmalar böyük ölkələrdə hələ də davam edir. Düşünürəm ki, bu, hətta önümüzdəki bir neçə ildə də davam edəcək”.
Mediicina.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Almaniyadan olan alimlərin yeni elmi araşdırması dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan “New England Journal of Medicine”də dərc olunub.
Belə ki, bu tədqiqatda xəstələrin autopsilərinin incələnməsi zamanı COVID-19 virusu müxtəlif orqanlarda - ağciyərlərdə, udlaqda, ürəkdə, qaraciyərdə, beyində və böyrəklərdə tapılıb. Tədqiqatçı alimlər burada daha çox virusun böyrəkdə çoxalmasına diqqəti çəkiblər.
Əslində, ağır xəstələrdə böyrəklərin də patoloji prosesə cəlb olunması və ya böyrək problemlərinin olduğu həkimlərə bəlli idi. Bu da çox hallarda reanimasiyada görülən təxirəsalınmaz tədbirlər zamanı böyrəklərin cavab reaksiyası və ya zədələnməsi kimi qiymətləndirilirdi.
Amma bu tədqiqatda sübut edilir ki, COVID-19 virusu böyrək hüceyrələrində də çoxalır, bu da onun funksiyasının pozulmasına səbəb ola bilər. Belə olan halda COVID-19 virusunun böyrək hüceyrələrinə hansı yollarla düşməsi haqqında fərqli mülahizələr var ki, bu da növbəti tədqiqatların mövzusudur”, - deyə həkim bildirib.
N.Abdullayev qeyd edib ki, bu mülahizələrdən asılı olmayaraq, virusun böyrəklərdə çoxala bilməsi ağır COVID-19 ağciyər pnevmoniyası keçirməyən və öncədən böyrək çatışmazlığı olmayan xəstələrdə nəyə görə ciddi böyrək problemlərinin ortaya çıxmasını və xəstəliyin ağır keçməsini izah edir:
“Bu xəstələr də belə problemləri olmayan virus xəstələri ilə müqayisədə, daha pis proqnoza malikdirlər”.