Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus balıq və dəniz məhsulları ilə də keçir -AQTA gücləndirilmiş rejimə keçdi

  • 2020.02.03 17:53
  • 3798 Baxış
Koronavirus balıq və dəniz məhsulları ilə də keçir - AQTA gücləndirilmiş rejimə keçdi

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib.

Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, virus ailəsinin adı onun anatomik quruluşu - “tac” fomasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Sözügedən virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırki epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb etməkdədir.

Həmçinin bildirilir ki, OİE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi Qrupu birgə tədqiqatlara başlayıb. İlkin olaraq, “Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi”ndə “fövqəladə xəstəliklər” bölməsinin yaradılması və üzv ölkələr tərəfindən “Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi” (WAHIS) vasitəsilə OİE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib.

Bununla əlaqədar, artıq ölkəmiz üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlayıb və respublikada bu xəstəliyə qarşı aparılan qabaqlayıcı tədbirlər barədə təşkilata mütəmadi məlumatlar veriləcək. OİE və ÜST-ün birgə təşəbbüsü ilə “2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün “Yol Xəritəsi”nin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçilib.

Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.