"Demək olar ki, hər gün zəng edirdim. Davamlı olaraq TƏBİB-in "Facebook” səhifəsinə yazırdım, "qaynar xətt”i yığırdım. Amma mənə nəticələrin çıxacağı vaxtı konkret demirdilər. Hamısı bir-birinin üstünə atırdı”, – bu sözləri bu il martın 15-də koronavirusla bağlı testdən keçmiş ictimai fəal Əbülfəz Qurbanlı deyir.
İnfeksiyaya yoluxub-yoluxmaması ilə bağlı testin cavabını ona 3 günə deyiblər.
Ə.Qurbanlı cavab çıxan günə qədər böyük həyəcan və narahatlıq keçirdiyini bildirib: "Düzdür, sahə həkimi hər gün mənimlə maraqlanırdı. Başa düşürdüm ki, nəsə ciddi bir şey baş versə, mənə yardım edəcəklər. Amma adi bir testin cavabını niyə 3 günə versinlər axı?! İstəsələr, bir günə də verə bilərlər, 5-6 saata da”.
Əbülfəz Qurbanlı ona cavabın gec deyilməsini test nəticələrinin neqativ çıxması ilə əlaqələndirir.
Onun qənaətincə, testin nəticəsi müsbət çıxsaydı, yəqin, dərhal müdaxilə edilər, karantinə alınardı.
TƏBİB-in mətubat katibi Rəvanə Əliyevanın Toplum TV-yə verdiyi açıqlamaya görə, test cavabları əvvəllər 24 saat ərzində və ya 2 günə çıxırdısa, indi bir az ləngimələr ola bilər.
"Bunun da səbəbi labaratoriyalardakı yüklənmələrdən irəli gəlir. Amma nəticədə mütləq cavablar çıxır”- deyə o, əlavə edir.
Rəsmi məlumatda indiyədək Azərbaycanda 30 minə yaxın test aparıldığı, 4085 nəfərin karantində olduğu deyilir.