Kinoa “super taxıl” hesab olunur. Son illərdə getdikcə populyarlaşan kinoa xüsusilə pəhriz saxlayanların sevimli qidaları arasında yer alır.
Medicina.az xəbər verir ki, bu məhsul xərçəngdən qan şəkərinə qədər bir çox xəstəliyin qarşısını almaqda təsirli hesab edilir.
Kinoa yüksək qida dəyəri olan toxumlardan biridir. Onun müalicəvi xüsusiyyətlərini təqdim edirik:
Xərçəngdən qoruyur: bəzi tədqiqatlar göstərir ki, kinoa hüceyrə sağlamlığını qoruyur. Bu xüsusiyyəti ilə əsaəsn də qaraciyər və uşaqlıq boynu xərçəngi kimi bəzi xərçəng növlərinin qarşısını almaqda təsirlidir.
Qan şəkərini tənzimləyir: “Nutrients” jurnalında 2022-ci ildə dərc edilən bir araşdırma bu baxımdan çox diqqət çəkdi. Qan şəkəri səviyyəsi 100 ilə 125 mq/dL arasında olan 65 yaşdan yuxarı iştirakçılar dörd həftə ərzində kinoa istehlak etdilər. Nəticədə qlükozada əhəmiyyətli azalma və çəki itkisi qeydə alındı.
Tədqiqatçılar digər kompleks karbohidratlar əvəzinə kinoa yeməyin 2-ci tip diabetə qarşı profilaktik tədbir ola biləcəyini təklif edirlər. Zülal və lif mənbəyi olan kinoanın həm də qlisemik indeksi aşağıdır. Onun tərkibində yeməkdən sonra qlükoza artımının qarşısını almaq üçün karbohidratların həzmini yavaşladan fenolik birləşmələr də var.
Həzmi sürətləndirir: bu taxıl liflə doludur. Odur ki, həzm sistemi, xüsusilə də bağırsaqlar üçün faydalıdır. Liflər bağırsaqları hərəkətə gətirir və qəbizliyin qarşısını alır. Həm də bağırsaqlarda sağlam bakteriyaları artırır.
Xolesterini azaldır: infarkt, ürək-damar xəstəlikləri və insulta meylli insanlar xolesterol səviyyələrini idarə etmək üçün daha çox kinoa yeməlidirlər. Kinoada olan lif pis xolesterin (LDL) səviyyələrini azaltmağa kömək edə bilər.
Bundan əlavə, kinoadakı bol Omeqa-3 yağ turşuları ürək-damar sisteminə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Çölyak xəstələrinə yararlıdır: Çölyak xəstəliyi və qlütenə qarşı dözümsüzlük haqqında məlumatlılıq getdikcə artır. Ciddi şəkildə qlütensiz pəhriz saxlayanlar üçün kinoa yaxşı alternativdir. Tədqiqatlara görə, kinoa toxumlarında çoxlu amin turşuları ehtiva edən qlütensiz zülal var.
Dəmir çatışmazlığının qarşısını alır: kifayət qədər dəmirlə zəngin qidalar istehlak etməyən, xroniki qan itkisi olan və ya müntəzəm olaraq güclü idman edən insanlarda dəmir çatışmazlığı yarana bilər. Dəmir çatışmazlığının digər simptomları arasında yorğunluq, halsızlıq, başgicəllənmə, dırnaqların kövrəlməsi və dərinin solğunlaşması da var.
Kinoa xüsusən də veqan və ya vegetarian pəhrizə əməl edənlərdə bu çatışmazlığın qarşısını ala bilər.
Tox saxlayır və arıqladır: az kalorili olsa da, yaxşı zülal mənbəyidir. Buna görə də balanslı şəkildə istehlak edildikdə tox saxlayır.
Kinoa necə istifadə edilməlidir?
Kinoa taxıl növü olduğu üçün düyü və bulqur kimi bişirilir. Onu qaynada və ya dəmləmə üsulu ilə hazırlaya bilərsiniz. Xüsusilə salatlarda çox istifadə edilir. Toyuq və ya tərəvəz yeməklərinə də əlavə etmək olar.
Aysel