KTM-nin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə son bir ildə 48 792 müraciət daxil olub. Onlardan 7 177 nəfərin vəziyyəti ağır, orta ağır qiymətləndirilib və stasionar müalicəsi təmin olunub.
"Medicina" xəbər verir ki, Aparılan bütün zəruri tədbirlərə baxmayaraq, müraciət edən xəstələrdən 35 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlardan 8 nəfərdə həkiməqədər ölüm faktı qeydə alınıb.
Türkiyə, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin “ACİL” şöbələrinin təcrübəsi əsasında formalaşdırılan, Cənubi Qafqazın ən böyük Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub, yaşıl, sarı və qırmızı zonalarla vətəndaşlara xidmət göstərir.
2 canlandırma otağı (CPR), 8 çarpayılıq mini reanimasiya zalından, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaq zallarından ibarət şöbədə müşahidə çarpayılarının sayı ən son tibbi standartlara uyğun olaraq, xəstəxananın ümumi çarpayı fondunun 10-15 faizini təşkil edir.
Eyni zamanda burada çalışan həkim personalının sayı da xəstəxananın ümumi həkim sayının 10-15 faizi qədərdir.
Təcili Yardım şöbəsi həftənin 7 günü, sutkanın 24 saatı fasiləsiz şəkildə fəaliyyətini davam etdirir.