Qadınlarda süd vəzisi xərçənginin əmələ gəlməsi ya bilavasitə qadın orqanizmi, yəni daxili ( endogen) faktorlarla, ya da ətraf mühitdən təsir edən amillərlə əlaqədardır. Daxili faktorlar dedikdə, qadın reproduktiv sisteminin vəziyyəti, menstruasiya dövrünün erkən, yəni 12 yaşdan tez başlanması, menopauzanın gec-təxminən 50-55 yaşdan sonra yaranması, doğuşların sayının az olması, sonsuzluq, ginekoloji anamnezli bir neçə abortun, o cümlədən ilkin doğuşun 35 yaşdan sonra olması nəzərdə tutulur. Bununla yanaşı, qadınların laktasiya dövründə körpələrinə süd verməkdən imtina etməsi, qaraciyər, qalxanvarı vəzi, böyrək, böyrəküstü vəz, hipofiz və hipotalamusun xəstəlikləri, piylənmə, bəzi ginekoloji problemlər də bu faktorlara aiddir. Bundan başqa vaxtında aşkar olunmamış və müalicə edilməmiş hormonal dəyişikliklər, yumurtalıqlarda gedən dishormonal proseslər, xroniki iltihabi xəstəliklər və s. də süd vəzisi xərçənginin əmələ gəlməsinə səbəb olur. Həmçinin saz intensivlikli faktorlara süd vəzinin travma almasını, mastitləri, süd vəzisində nə vaxtsa aparılmış əməliyyatları, həmin orqandakı axardaxili papillomaları, bəzi xoşxassəli şişləri nümunə göstərmək olar. Bu problemlər uzun müddət aşkar və müalicə olmadıqda xərçəng əmələ gətirə bilir.
Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Mehdiyeva məlumat verib.
-Süd vəzisi xərçənginə ən çox hansı yaş qruplarında rast gəlinir?
-Süd vəzisi xərçənginə ən çox ortayaşlı və yaşlı qadınlar arasında rast gəlinir. Kişilər arasında da bu xəstəlik müşahidə olunur. Lakin bu rəqəm ümumi nəticənin 0,7-1 faizinə bərabərdir. Qadınlarda erkən rast gəlinən süd vəzisi xərçəngi 40 yaşadək olan dövrü əhatə edir. Bunların əksəriyyəti irsi genetik mutasiyalar nəticəsində yaranır. Lakin bu o demək deyil ki, əgər nəsildə kimdəsə, bu xəstəlik varsa, həmin nəslin bütün qadınlarında xərçəng aşkar olunacaq. Birinci dərəcəli qohumlar arasında müşahidə olunan müəyyən əlamətlər ailə həkiminin nəzarəti altında olmağı tələb edir. Xərçəngin hansısa növündən əziyyət çəkən hər bir şəxsin ailə üzvləri də mütəmadi olaraq həkim kontrolundan keçməli, genetik müayinə olunmalıdır. Çox yüksək risk qrupuna alkoqollu içki içənlər və siqaret çəkənlər aiddir. Bir çox ölkələrdə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, alkoqoldan və siqaretdən istifadəni azaltmaqla süd vəzisi xərçəngi riskini 6 faiz aşağı salmaq olar.
-Xəstəliyin simptomları hansılardır?
-Əfsuslar olsun ki, xəstəliyin erkən mərhələdə qeydə alınan spesifik simptomları yoxdur. Lakin əgər qadın süd vəzisində hər hansı törəmə hiss edirsə, gilədən xüsusilə qanlı ifrazat gəlirsə, daimi ağrılar, qızartı, süd vəzisinin ölçülərinin böyüməsi və ya kiçilməsi, şişkinlik, qoltuqaltı və körpüüstü nahiyələrdə böyümüş törəmələrin və ya limfa düyünlərində dəyişiklik hiss olunursa həkimə müraciət etmək lazımdır. Bundan əlavə gilə və ariolada hər hansı bir dəyişikliyin, pulcuqlamanın, yaralanmanın olması, dərinin, gilənin içəriyə çəkilməsi də xərçəngin simptomları arasındadır.
-Xəstəliyi ağırlaşmadan nə cür müəyyən etmək olar?
-Süd vəzi skrininqi onun erkən mərhələdə aşkar olunması üçün vacib üsullardandır. Həm xərçəngin yaranmasının, həm də gecikmiş hallarda aşkarlanmasının qarşısını almağa kömək edən bu metod illər ərzində özünü doğruldub. Ümumiyyətlə, 40 yaşdan sonra qadınlar ildə bir dəfə mamoqrafiya və ultrasəs müayinəsindən, 40 yaşadək olanlar isə heç bir patologiya yoxdursa, ildə bir dəfə ultrasəs müayinəsindən keçməlidirlər. Həmçinin mamoloqun nəzarəti altında olmaq tövsiyə edilir. Ümumiyyətlə, süd vəzisi xərçənginin müxtəlif formaları var. Aqressiv formasına interval xərçəngi də deyirlər. Yəni bu növ iki mamoqrafiya müayinəsi arasında meydana gəlir.
-Xəstəliyin hansı mərhələdə aşkarlanması müalicəni daha effektiv edir?
-Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə bir o qədər effektiv və uğurlu olar. Ümumiyyətlə, xərçəngin inkişaf mərhələsinə keçməsi qənaətbəxş hesab edilmir. Birinci və ikinci A mərhələsində, o cümlədən epiteldaxili mərhələdə xəstənin 5 illik yaşam göstəriciləri 95-97 faizə bərabər olur. Dördüncü mərhələ uzaq metastazların olması mərhələsidir. Lakin bu ölüm hökmü kimi qəbul edilməməlidir. Müasir terapiyaların köməyi ilə xəstəlikdən əziyyət çəkənlər yaşamaq şansı əldə edirlər.
-Süd vəzisi xərçəngi ilə mübarizə aparan qadınların bir qorxusu var, həmin orqanın amputasiyası... Bu barədə nə deyə bilərsiniz?
-Süd vəzisi əməliyyatı radikal əməliyyatdır. Süd vəzisinin limfa düyünləri ilə birgə götürülməsi mastektomiyadır. Qadınlar kosmetik cəhətdən bu əməliyyata razılıq vermirlər. Mastektomiyadan getdikcə daha az hallarda istifadə olunur. İndiki zamanda bir sıra orqansaxlayıcı əməliyyatlar, kimyəvi dərman terapiyası, şüa terapiyası, hədəf terapiyası mövcuddur. Lakin bəzən müalicələr istənilən nəticəni vermədikdə xəstənin həyatı və sağlamlığı daha vacib olur ki, bu zaman mastektomiya əməliyyatı icra edilir.
-Sonda qadınlara tövsiyələriniz...
- İstənilən qadın 18 yaşdan başlayaraq öz orqanizminə diqqət yetirməlidir. Süd vəzisində hər hansı bir narahatlıq, problem varsa, həkimə, mamoloqa müraciət etməlidir. Bundan əlavə, qadınların özünümüayinə üsulları var. Güzgünün qarşısında dayanıb, əllər başın arxasında və beldə olan vəziyyətdə süd vəzilərinin forması, yerləşməsi, ölçüsü, gilələrin vəziyyəti, dəridə olan dartılma və yerdəyişmələrinə baxılmalıdır. Bu müayinə həm ayaq üstə, həm oturaq, həm də uzanıqlı vəziyyətdə aparılmalıdır. Ən yaxşısı duş alarkən sabunlu əllə süd vəzisinin yoxlanılması, bərkimə, ağrı, törəmə varsa, həkimə müraciət etmək vacibdir.