Dünyada evli cütlüklərin təxminən 15 faizi sonsuzluq problemi ilə mübarizə aparır. Son illərdə bu nisbət 35 faizə yüksəlib.
Medicina.az xəbər verir ki, bunu Prof. Dr. İsa Özbey açıqlayıb.
O bildirib ki, kişilərdə sperma sayı getdikcə azalır.
“Ətraf mühitin çirklənməsi, GMO-lu qidaların istehlakının artması, siqaret, spirt və narkotik maddələrdən istifadənin çoxalması kimi amillər sperma sayının azalmasına səbəb olur.
Artıq çəki və piylənmə də çağımızın vəbası kimi yayılır və sonsuzluğa səbəb olur”, - deyə uroloq qeyd edib.
Onun sözlərinə görə, cütlüklərin 1 il ərzində qorunmadan əlaqədə olmalarına baxmayaraq, uşaq sahibi ola bilməməsi sonsuzluq hesab edilir.
"Sonsuzluq hallarının təxminən 50 faizində kişidə problem olur. Sonsuzluq üçün müraciət edən kişi xəstələrdə edilməsi lazım olan ilk test "spermiogram" testidir. Spermioqramma dediyimiz sperma analizinin nəticələrinə əsasən digər əlavə testlər tələb olunmalıdır. Sperma sayı 10 milyon/ml-dən aşağı olarsa, hormon testləri, 5 milyon/ml-dən aşağı olarsa, genetik testlər tələb edilməlidir.
Bütün elmi və texnoloji inkişaflara baxmayaraq, bu gün biz kişi sonsuzluğunun yalnız 50-60 faizinin səbəbini öyrənə bilirik. Qalan səbəbləri bilmirik, sadəcə təxmin edə bilirik. Ekoloji faktorlar, yemək vərdişləri, GMO-lu qidalar və genetik faktorlar yəqin ki, bunda rol oynayır”, - deyə İsa Özbey diqqətə çatdırıb.
Həkim müalicə variantlarından da danışıb:
“Kişi sonsuzluğunda rastlaşdığımız hormonal səbəblər dərmanla müalicə edilərkən, varikosel kimi xəstəliklər əməliyyatla düzəldilə bilər. Varikosel üçün bir çox müalicə üsulları olsa da, bu gün ən təsirli müalicə üsulu mikroskopik varikoselektomiya əməliyyatıdır. Mikroskopik varikoselektomiya ilə xəstələrin 40-80 faizi ata ola bilir”.
Onun sözlərinə görə, səbəbi məlum olmayan sonsuzluq hallarında isə həyat tərzinin dəyişdirilməsi, sağlam qidalanma, antioksidant dərmanlar və süni mayalanma üsullarından istifadə edilir. Ekstrakorporal mayalanma üsulu ilə xəstələrin 65-70 faizi uşaq sahibi ola bilir.
Həkim həddindən artıq çəki və piylənmənin ən böyük təhlükələrdən biri olduğunu açıqlayıb:
“Kişi hormonu olan testosteron yağ toxumasında qadın hormonu “estradiol”a çevrilir və sonsuzluğa səbəb olur. Bu səbəbdən arıqlamaq artıq çəkili kişilər üçün müalicə variantı ola bilər”.
Aysel