Bizə həmişə deyilir ki, uğurlu olmaq üçün səhər tezdən oyanmaq lazımdır.
Məşhurlar və şirkət rəhbərləri məhz belə edir. Bu, sizi daha xoşbəxt və sağlam edəcək. Siz həyatınıza nəzarət edəcəksiniz...
Belə əhvalatların çoxluğuna baxmayaraq, səhər açılmamış yuxudan oyanmaq vaxt çatışmazlığı ilə bağlı problemlərinizi sehrli çubuq kimi həll edən deyil.
Siz özünüzə uyğun gələn rejimi seçməlisiniz.
Yuxudan oyanma strategiyasını özünüzə uyğunlaşdırmaq üçün aşağıdakı məsləhətlər faydalı ola bilər.
Yuxudan tezdən oyanmağın üstünlüyü nədədir?
Səhər açılanda oyananların sözlərinə görə, üstünlüklər çoxdur.
ABŞ aktyoru Mark Wahlberg deyir ki, o, səhər saat 2:30-da oyanır.
Bir çoxlarının dediyinə görə, səhər saatlarında diqqəti yayındıran amillər daha az olur: uşaqlar və ya ailənin digər üzvləri hələ yatırlar, mesajların və email-lərin sayı da daha az olur.
Apple-ın direktoru Tim Cook deyib ki, o, artıq səhər saat 03:45-dən Kaliforniyada email-ləri yoxlamağa başlayır.
Oprah Winfrey deyir ki, saat 09:00-da işə başlamazdan əvvəl düşünmək, meditasiya və idman etmək üçün səhər saat 06:02-da oyanır.
Amerikalı aktyor Mark Wahlberg isə hətta səhər saat 02:30-da oyanaraq qolf oynayır, üzür, dua edir və -100C temperaturlu kriogenik kameraya girir.
Araşdırmalar tezdən oyanmaqla müvəffəqiyyət arasında əlaqə ola biləcəyinə əsas verir.
Tezdən oyanan insanlar şirkətlərinin iş cədvəlinə daha yaxşı uyğunlaşırlar və şəxsiyyət kimi daha fəal olurlar, onların məktəbdə daha yüksək qiymət, işdə isə daha yüksək maaş almaq ehtimalı daha çoxdur.
Səhər oyanmaq çətindirsə, buna nail olmaq üçün bəzi strategiyalardan istifadə etmək olar. Tezdən idman etmək və özünü işığa vermək metabolizmi və bədənin temperaturunu stimullaşdırmağa, bədəni daha tez oyatmağa kömək edə bilər.
Bununla belə səhər tezdən oyanmaq çoxları üçün çətin işə çevrilə bilər.
Hamı səhər tezdənmi oyanmalıdırmı?
Yox. Səhər tezdən oyanmağın məhsuldarlığınızla əlaqəsi sizin genlərinizdən asılıdır.
Çoxsaylı tədqiqatlara əsasən bəzi insanların biologiyası onları səhər çağlarında daha fəal olmasını təmin edirsə, digərlərinin bioloji xüsusiyyətləri onları gecə və ya günorta daha ayıq və fəal olmalarını təmin edir.
700,000 insanın iştirak etdiyi və Nature Communications jurnalında dərc olunmuş bir geniş tədqiqatın nəticələrinə görə insanların özlərini səhər və ya axşam daha fəal və ayıq hiss etmələrinin 350-dən çox genetik səbəbi ola bilər.
Odur ki, əgər siz özünüzü səhərlər zorla oyadırsınızsa, ola bilsin ki, öz orqanizminizin təbii bioloji tələbatının əksinə getmiş olursunuz.
İnsanlar işıqda yuxulamağa vərdiş etməyib.
Manchester universitetinin professoru Marilyn Davidson-un sözlərinə görə səhər tezdən oyanmaq üçün insanların müəyyən şəxsi səbəbləri ola bilər, məsələn, "həvəs, işdən razılıq hissi və digər səbəblər".
Ailədə uşaqların olması və ya işə getmək üçün evdən tez çıxmaq ehtiyacı da adamı səhər tezdən oyanmağa vadar edə bilər.
Lakin əsas məsələ oldur ki, səhər tezdən durmaq heç də həmişə işdə uğur qazanmasına gətirib çıxarmır.
Əslində, insandan insan fərq var və bəzən bu, mənfi nəticələrə gətirib çıxara bilər.
Səhər tezdən oyanmaq qeyri-məhsuldar ola bilərmi?
Bəli. Xüsusən də, əgər siz səhər tezdən oyanmağa öyrəşməmisinizsə.
"İnsanlar deyir ki, hansısa şirkətin rəhbəri səhər saat 05:00-da oyanır, mən də belə edəcəyəm. Lakin bu, yuxu çatışmazlığına gətirib çıxarır, siz özünüzü çətin vəziyyətə salırsınız", - ABŞ-ın Johns Hopkins universitetinin dosenti Rachel Salas deyir.
Salas deyir ki, gecələr yuxunu tam həcmdə almaq insan üçün olduqca vacibdir.
Yuxunun qısaldılması hesabına səhər tezdən oyanmaq xoşagəlməz hallarla nəticələnə bilər.
Yuxusuzluq bir çox mənfi nəticələrə gətirib çıxara, halsızlıq, diqqətin yayınması, artıq çəki, stress, ürək xəstəlikləri və qan təzyiqinin artması ilə nəticələnə bilər.
Odur ki, tezdən oyanış yuxunun kəsilməsi hesabına əldə olunursa, bunu etmək lazım deyil.
"Tezdən oyanırsınızsa, onda işinizi də tez bitirməlisiniz", - İngiltərənin Luton şəhərindəki Bedfordshire universitetinin professoru Gail Kinman deyir. Onun fikrincə, tezdən oyanıb gecəyədək işləyən adamlar sağlamlıqlarına zərər vururlar.
Məşhurlar və şirkət rəhbərləri səhər tezdən oyanmaqla öyünürlər, amma tezdən oyanmaq hamı üçün düşərlidirmi?
Gail Kinman şirkət rəhbərlərinin səhər tezdən oyanmaqları ilə öyünmək dəbini alqışlamır. O, hesab edir ki, "direktorlar işçiləri üçün model rolunu oynadıqdan, işçilər də onların bu hərəkətini təkrar etməyə can atır".
Nə etməli?
Ekspertlər müxtəlif rejimləri sınaqdan keçirməyi, nəyin daha uyğun olduğunu müəyyən etməyi məsləhət görürlər.
Ən yorğun və ən gümrah olduğunuz vaxtları qeydə alın. Gündəlik rejiminizi həmin vaxtlara uyğunlaşdırmağa çalışın.
İş rejiminə gəldikdə, ekspertlər hesab edirlər ki, hər bir işçinin imkanlarının mümkün dərəcədə nəzərə alınması, ümumilikdə, komandaya daha yaxşı nəticələr göstərməyə şərait yaradar.
New York universitetinin idarəçilik kommunikasiyaları proqramının direktoru Susan Stehlik deyir ki, komanda liderləri çevik olanda tezdən oyanıb işə gələn işçilərə işə tez başlayıb, iş gününü tez də başa vurmaq imkanı verirlər. Belə olan halda, işçilər tez oyanmaq vərdişindən sağlamlığa zərər vurmadan faydalana bilərlər.
Professor Gail Kinman isə şirkət direktorlarını səhər tezdən oyanmaqla təqlid etmək istəyənlərə məsləhət görür ki, "əgər onlar özlərini zorla oyadacaqlarsa, bunu etməsələr yaxşıdır".