Balın kalorisi yüksək olduğu və qan şəkərini artırdığı üçün onu ölçülü şəkildə istehlak etmək tövsiyə olunur.
Medicina.az xəbər verir ki, qədim Yunanıstanda balı “Tanrıların yeməyi” hesab edirdilər, Çində isə ondan dərman kimi istifadə olunurdu.
Bu gün isə balın həqiqətən faydalı olub-olmaması müzakirə olunur.
Bal amin turşuları, antioksidantlar, vitaminlər, minerallar və şəkərdən ibarətdir. Tərkibindəki fruktozanın miqdarı yüksəkdir.
1 xörək qaşığı (20 q) balın tərkibi:
• 58kkal / 246KJ
• 15,3 q karbohidrat
• 15,4 q şəkər
• 0,1 q zülal
• 0 q yağ
Balın sağlamlığa faydaları
Balın sağlamlığa faydaları onun necə emal edildiyindən və arıların nektarını topladığı çiçəklərin keyfiyyətindən asılıdır.
Xam bal heç qızdırılmamış, pasterizə olunmamış, təmizlənməmiş və süzülməmiş baldır. Balın bu formasında standart emal üsullarında itirilən sağlamlığa faydalı maddələr var.
Bal illərdir dəri zədələri zamanı antiseptik kimi istifadə olunur; səthi zədələrdə və ya yanıqlarda sağalma prosesini sürətləndirdiyinə inanılır. Balda qlükoza və fruktoza olduğu üçün yaradan suyu özünə çəkir. Yaranı qurudur və beləliklə bakteriya və göbələk artımını məhdudlaşdırır.
Xüsusilə tünd rəngli bal növləri flavonoidlər kimi zəngin kimyəvi maddələrin mənbəyidir. Flavonoidlərin antibakterial, antiviral, antiallergik və iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu bildirilir. Tərkibindəki flavonoidlərə görə bal şəkərlə müqayisədə daha sağlam seçim hesab edilir.
Bal şəkərdən yaxşıdır?
Balın aşağı glisemik indeksi var, yəni qan şəkərini süfrə şəkəri qədər tez qaldırmır.
Bal şəkərdən daha şirin olduğu üçün onu daha az istehlak edirik. Bununla belə, bir çay qaşığı bal bir çay qaşığı şəkərdən daha çox kaloriyə malikdir.
Əgər bala üstünlük verirsinizsə, onu xam halda istehlak etməyə çalışın. Xam balda daha çox vitamin, ferment və antioksidant var.
Bal hər kəs üçün təhlükəsizdir?
Pəhriz zamanı balı məhdudlaşdırmaq tövsiyə edilir.
Diabet xəstələri və ya qan şəkəri səviyyəsini balansda saxlamaq istəyənlər üçün şəkər əvəzinə bal istifadə etməyin heç bir üstünlüyü yoxdur. Çünki hər ikisi son nəticədə qan şəkərinin səviyyəsini artırır.
Bundan əlavə, 12 aydan kiçik körpələrə bal verilməməlidir. Çünki bal onlarda botulism riski yarada bilər.
Aysel