Son zamanlar dərmanların defisiti, bahalı və keyfiyyətsiz olması ilə bağlı şikayətlər artıb. Son iclaslardan birində parlamentin Səhiyyə komitəsinin sədri, professor Əhliman Əmiraslanov dərmanların qiyməti və keyfiyyətinin tənzimlənməsi ilə bağlı sənəd hazırlandığını bildirib. Deputat bu sənədin yaxın vaxtlarda qəbul ediləcəyini deyib.
Maraqlıdır, bu sənəd vəziyyəti dəyişə biləcəkmi?
“Medicina” xəbər verir ki, dərman problem pediatrik xəstələr və həkimlərə də toxunub. Məsələ ilə bağlı həkim-pediatr Aytən İsmayılzadə açıqlama verib.
Onun sözlərinə görə, bu qərarın qəbul edilməsində əsas məsələ dərman istehsalçısı ilə razılaşmaqdır:
“Eyni zamanda, bu qərarın icra olunması və əməl edilməsi əsas şərtdir. Azərbaycanda dərman istehsalı yoxdur, xaricdən gəlir. Həmçinin, bir sıra bioloji əlavələr var ki, onlar dərman hesab olunmur. Amma dərman kimi qeydiyyatdan keçirilir. Bu sahəyə dövlət nəzarəti olmalıdır. Kim nə istədi gətirib satmamalıdır.
Hazırda xəstə sığorta xidmətindən istifadə edərək müayinədən keçsə də, dərmanlar baha olduğu üçün alıb müalicəsini davam etdirə bilmir”. Pediatr keyfiyyətsiz uşaq dərmanlarının səbəbindən müalicələrin uğurlu olmadığını bildirir.
“Hərə bir adda firma açır. İstədiyi xarici zavodda istədiyi tərkibli dərmanı "yığdırır". Maya dəyəri aşağı, qiyməti baha, amma işə yaramayan preparatlar ortaya çıxarırlar. Həkimlər də müəyyən apteklərlə əlbir olur. Dərman satış qiymətindən də baha satılır. Daha sonra ordan həkimin faizi verilir. Bu da dolayı yolla xəstənin cibinə girmək deməkdir. Beləliklə, xəstənin həm pulu, həm vaxtı, həm də sağlamlığı gedir.
Bəzi dərmanlar var ki, biz də tapa bilmirik. Məsələn, mentalin. Müəyyən valideynlər, həkimlər xaricdən alıb gətirir. Biz də onu xəstələrə pulsuz veririk. Türkiyədə qiyməti 2.50- 3 manatdır. Bizdə isə qara bazarda 25 manata qoyublar. Bu qara bazara nəzarət olunmalıdır. Bu dərmanlar niyə gətirilmir? Niyə orda 3 manata olan dərman burda 20 manatdır?”.
Aynur İbrahim