Müasirləşən dünyada həyatımıza sürətlə daxil olan bir çox yeniliklər var və onlardan da biri uşaq bezləridir. Bu bezlər olmasa, körpələri saxlamaq necə çətin olardı deyə valideynlər dəfələrlə dilə gətirirlər. Amma illərdir uşaq bezlərinin zərərləri ilə bağlı müzakirələr də səngimək bilmir. Hətta bu bezlərdən istifadənin uşaqlar üçün gələcəkdə ciddi problemlər yaradacağı söylənilir.
Medicina.az xəbər verir ki, mövzu ilə bağlı pediatr Günay Rəsulova ailem.az-a bildirib ki, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitənin təlimata uyğun istifadə olunmaması və gərək olmadığı hallarda da taxılması gələcəkdə uşaqların sağlamlığına ciddi problemlər yarada bilər: "Əvvəlcə onu deyim ki, körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxarır. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər”.
Onun sözlərinə görə, mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır: "Yəni uşaq daim bezdə olduğu üçün onda olan iltihabi prosesləri görmək olmur. Bezlərdən uyğunsuz zamanda istifadə bəzən gec sünnət edilən oğlan uşaqlarında simos, parasimos kimi infeksiyalara səbəb olur. Həmçinin qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir”.
G.Rəsulova vurğuladı ki, bəzən valideynlər gərək olmadığı halda da gecə uşaqları bezlə yatırırlar. Bu zaman enterebiot - yəni qıl qurd deyilən infeksiya yoluxmuş uşaqda daha da artır: "Uşaq yatarkən dişi qıl qurd anusdan bayıra çıxır və onun ətrafında 1000-dən artıq yumurta qoyur. Bezin arasında qalan yumurtalar canlanaraq orqanizmə toksiki maddələr buraxır”.
Həkim valideynlərə tövsiyə edir ki, uşaqlara bezi tərgitmək üçün isti ayları seçsinlər: "Çalışmaq lazımdır ki, körpənin dərisi daha çox hava görsün. Bezlərdən istifadə edən uşaqlarda kontakt dermatitin yaranmasına çox sıx rastlanır. Yəni uşağın dərisi qıcıq, bişməcə olur. Xüsusilə dərisi həssas uşaqlarda bu problem daha çox yaranır. Bəzən bu bezlər sintetik materialdan hazırlanır ki, bunun da fəsadları çoxdur. Valideynlər bu problemlərlə qarşılaşmamaq üçün daha keyfiyyətli məhsuldan istifadə etməlidirlər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verir ki, hazırda satışda keyfiyyətsiz uşaq bezləri var: "2 il öncə ölkənin iri ticarət mərkəzlərinin birindən külli miqdarda keyfiyyətsiz uşaq bezlərini satışdan yığışdırdıq. Amma hazırda da istehlakçılardan bu məsələ ilə bağlı müraciətlər alırıq. Düşünürəm ki, problemin bir neçə həll yolu var. Bu işlə məşğul olan rəsmi distribyutorlar keyfiyyətsiz məhsulun satışdan yığışdırılmasında maraqlı olmalıdırlar. Əgər onlar bu işdə aktivlik göstərmirlərsə, deməli, xarici partnyorlarını aldadaraq, malın həm də saxtasının satışda olmasına göz yumurlar. Burada dövlətin antiinhisar siyasətinin, əlaqədar qurumların, medianın işi də böyük fayda verər”.
Görünən isə odur ki, yuxarıda sadalanan problemlərdən əsaslı çıxış yolu körpələrə mümkün olduğu qədər tez tualet vərdişinin öyrədilməsidir. Dünya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları güvəcə alışdırmaq üçün 2-3 yaş arası məsləhət görülür. Ümumiyyətlə, bu məsələ hər bir uşağın həm fiziki, həm də psixoloji olaraq hazır olması ilə bağlıdır. Mütəxəssislər bildirir ki, 12 aya qədər heç bir uşaq təbii ehtiyacını istəkli olaraq idarə edə bilmir. 12-18 aylarda isə çox azı idarə edə bilər. Bir çox uşaq 18-24 aylarda buna hazır ola, bəzilərisə 30 ayında belə, hazır olmaya bilər. Onlar bildirir ki, uşağın ayaqyolu təhsili üçün hazır olub-olmadığını müşahidə edərək anlamaq mümkündür. Əgər uşaqların altı gündüzləri 2 saatdan artıq və yatarkən quru qalırsa, üz ifadəsi, hərəkətləri və ya danışmasıyla, sidiyin gəldiyini dərhal müəyyən edirsə, çirkli bezdən narahat olub, altının dəyişdirilməsini istəyirsə, deməli, ayaqyolu təhsilinə hazırdır.
Psixoloqlar isə uşaqların tualet təhsili prosesində onlarla diqqətli davranmaq lazım olduğu qənaətindədir. Belə ki, valideynlər daha səbrli olub bu işi bir oyuna belə çevirə bilərlər. Məsələn uşaqların ayaqyolu istəyini zamanında bildirməsini kiçik hədiyyələrlə mükafatlandırmaq olar. Yaxud onun xoşladığı formada, rəngdə olan güvəci seçməklə, paltarlarının daha asan çıxarılan olması və uşağın qəza etdiyi zaman onu danlamamaq bu təhsilə daha tez öyrənməsi üçün bir addım sayıla bilər.
Burada bir məsələni qeyd etmək yerinə düşər ki, araşdırmalara əsasən, bir uşaq bezinin çürümə müddəti 50 ilə 500 il arasındadır. Təxminən 1 uşağın il ərzində işlətdiyi bez sayını düşündükdə bir müddət sonra dünyanın uşaq bezi zibilliyinə dönmüş mənzərəsi gözlərimiz önünə gəlir. Hazırda bütün dünya daha təbii vasitələrdən istifadə etməyin və geri dönüşümün tərəfdarıdır. Geniş yayılmasa da, artıq satışda maxer parçadan hazırlanmış və dəfələrlə istifadə oluna bilən uşaq bezləri var. Arzuolunandır ki, analar ehtiyac olduğu təqdirdə bu tipli bezlərdən istifadə etsinlər və yorucu olsa da, uşaqlara ayaqyolu təhsili verməyə tənbəllik etməsinlər. Gəlin, uşaqlarımızı və ümumilikdə dünyamızı bezdirən bu bezlərdən tez xilas olmağa çalışaq…