Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəskin respirator virus infeksiyaları ilə mübarizə - Nə etməli?

  • 2021.06.01 14:10
  • 3978 Baxış
Kəskin respirator virus infeksiyaları ilə mübarizə -  Nə etməli?
Mövsümlə əlaqədar rast gəlinən xəstəliklər içərisində ilk sırada kəskin respirator virus infeksiyaları adlanan böyük xəstəliklər qrupu dayanır. Yaz və payız aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi payız aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.

Kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı, əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.

Kəskin respirator virus infeksiyaları yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir.
Bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (anginalar, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s.) kəskinləşməsi baş verə bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin respirator xəstəliklərlə tez-tez xəstələnmədir.
Bu gün dünyada pandemiya kimi yayılan koronavirus infeksiyası da respirator virus infeksiyalarının bir növüdür. Sevindirici haldır ki, digər respirator virus infeksiyalarından fərqli olaraq, uşaqlar bu virusa demək olar ki, yoluxmurlar. Yoluxduqda isə, xəstəliyi yüngül keçirirlər.

Yeni koronavirus (Covid-19) adlı bu virusun indiyədək hüceyrələrimizə tanış olmadığı elmə məlumdur. Uzun sürən təkamül dövründə bizim immun sistemimiz məlum infeksiyaların bir çoxuna rast gəlib və mübarizə aparmağı öyrənib. Ancaq, bu yeni koronavirusu orqanizmimiz demək olar ki, tanımır. Məhz bu səbəbdən yeni virusa yoluxmaq nə qədər asandırsa, onun öhdəsindən gəlmək o qədər çətindir. Maraqlıdır ki, hər hansı bir insan 1-14 gün əvvəl xəstəliyə yoluxsa belə, bəzən heç bir simptom göstərməyə bilir. Koronavirus xəstəliyinin ən əsas əlamətləri temperatur, yorğunluq və quru öskürəkdir. Bir çox insan (təqribən 80%) müalicə almadan öz-özünə sağala bilir.

Koronavirusla yoluxma, ilk növbədə digər virus infeksiyaları kimi asqırma və oskürmə ilə ətrafa yayılır. Biz əllərimizlə, virus bulaşmış səthlərə toxunmaqla yoluxa bilirik. Yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır. Sonra infeksiya aşağı tənəffüs orqanlarını: bronxları və ağciyərləri zədələyib bu orqanlarda kəskin iltihab yaradır. Bu səbəblə də, yoluxmanın ilkin əlaməti öskürəkdir. Bir neçə gün boğazda kəskin ağrı müşahidə edilir və bundan sonra temperatur 38-39 0C-yə qədər yüksəlməyə başlayır. Ancaq, temperatur heç də hamıda müşahidə olunmur. Məsələn, xəstəliyin başlandığı Çinin Uxan əyalətində xəstələrin 30%-də xəstəxanaya daxil olarkən normal temperatur müşahidə edilib. Koronavirusun ən qeyri-adi xüsusiyyətlərindən biri də insanda dad və iybilmə hissinin itməsidir.

Koronavirusun yüngül forması adi mövsüm qripini xatırladır: quru öskürək, qızdırma, ümumi zəiflik, bəzən də əzələ və baş ağrıları. Bu cür yoluxmanın müalicəsi də adi qaydalara uyğun, ev şəraitində aparılır və simptomlara uyğun müalicə edilir.

Koronaviruslu xəstələrdə, adətən 5 gün hərarət, yüngül qrip əlamətləri olur və bu zaman ətrafındakıları da yoluxdurur. Belə ki, bu xəstələrlə 1 metrədək məsafədən yoluxmaq mümkündür.

Koronavirus infeksiyasından qorunmaq və xəstəliyə yoluxmamaq üçün ən vacib üsullar:

• - tibbi maskadan istifadə;
• - əllərin təmizliyi (tez-tez sabunla yumaq və ya spirtlə silmək)
• - sağlam qidalanma;
• - yaşayış yerinin havasının tez-tez dəyişdirilməsi;
• - immun sisteminin gücləndirilməsi.

Havaların soyuması ilə əlaqədar virus infeksiyalarının profilaktikası üçün immun sisteminin gücləndirilməsi olduqca əhəmiyyətlidir. Vitamin C virusəleyhinə immun cavabda mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sistemi üçün, virusa qarşı adekvat cavab üçün çox vacibdir.

Bu, mitoxondrial, virusəleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün vacibdir, o, virusəleyhinə bütöv kaskadı induksiya edir. Vitamin C olmadan dərinin və selikli qişanın baryer funksiyası effektli deyil. Hazırda amerikalı həkim və müəllif Tomas Levi Covid 19 mənşəli pnevmoniyanın profilaktika və müalicəsində yüksək dozalı vitamin C-nin vena daxili yeridilməsini tövsiyə edir.

Vitamin C infeksiyadan müdafiə üçün istifadə olunur. Pasientdə infeksiya olduqda, yüksək dozalı vitamin C-ni yada salmaq lazımdır: infeksion prosesin başlanğıcında infeksiya ilə mübarizə məqsədilə vitamin C tələb olunur.
Vitamin C-nin immun hüceyrələrdə konsentrasiyası 1 saat ərzində 50% azalır. Lazım olan qədər vitamin C qəbul edilmədikdə, vitamin C-nin çatışmazlığı yarana bilər, bu da orqanizmin immun sistemini zəiflədə bilər.

Covid-2019 infeksiyası immun sisteminin həddən artıq iltihab cavabını işə salaraq immun sistemini zədələyir, bu da ağır pnevmoniya yaxud sepsisin inkişafına, kəskin ağciyər çatışmazlığının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Vitamin C orqanizmdə əsas immunomodulyatorlardan biridir, beləki, o, infeksiyaya və həddən atrıq iltihaba qarşı müdafiəni aktivləşdirir.