Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında pediatr-allerqoloq, professor Amaliya Əyyubovanın xəstə təhlili ilə bağlı görüşü keçirilib.
Medicina.az xəbər verir ki, görüşdə klinikanın müəllim heyəti, tələbə və rezidentlər iştirak ediblər.
A.Əyyubova kəskin obstruktiv bronxitdən əziyyət çəkən azyaşlı ilə bağlı məlumat verib.
Kəskin obstruktiv bronxitdən danışan pediatr-allerqoloq bildirib ki, bronxoobstruktiv sindrom küylü tənəffüs və fitverici nəfəsvermə ilə özünü büruzə verir:
"Bronxlarda baş verən iltihab zamanı selikli qişanın ödemi və qalınlaşması müşahidə edilir. Bu dövrdə yataq rejimi təyin edilir ki, bu da xəstədə müşahidə edilən qızdırma halları ilə bağlıdır. Çünki adətən qızdırma 1-2 gün davam edə bilər. Təngnəfəslik və qızdırma zamanı da içilən mayeni artırmaq məsləhət görülür”.
Xəstəliyin əsas əlamətlərini qeyd edən, A. Əyyubova valideynlərə bu zaman çox diqqətli olmalarını tövsiyə edib: "Uşağında ekspirator təngnəfəslik və tutma şəkilli əvvəl quru, sonralar isə yaş öskürək müşahidə edən hər bir valideyn övladını zamanında həkimə aparmalıdır. Çünki, əks halda xəstəlik daha da ağırlaşacaq. Xırıltılı tənəffüs və köməkçi əzələlərin tənəffüsdə iştirakı, döş qəfəsinin emfizematoz genişlənməsi də meydana gələcək”.
Professor xüsusilə vurğulayıb ki, belə uşaqları mütləq qripdən qorumaq lazımdır: "Çünki, virus yayılanda xəstəlik daha da ağırlaşmağa doğru gedir. Bu zaman qrip əleyhinə olan dərmanlardan istifadə vacibdir”.