Keratin saçları qidalandırmaq, düzləşdirmək və bərpa etmək üçün son illərdə əvəzolunmaz vasitəyə çevrilib. Saçları təmir edən keratin saç telini qoruyan və hamarlaşdıran bir zülaldır.
Bununla belə, keratin hər kəsin büdcəsinə uyğun deyil. Həm də saç ustaları uzun müddətdə keratinin faydasından çox zərəri olduğunu da bildirirlər.
Buna görə də eyni nəticəni verən təbii məhsullardan istifadə etmək daha doğru seçim ola bilər.
Medicina.az xəbər verir ki, düz və hamar saçlar üçün jelatindən istifadə etmək mümkündür. Rəngsiz olan jelatin saçın toxumasına təsir edən bir sıra amin turşularını ehtiva edir və saçları gündəlik məruz qala biləcəyi bir çox təsirdən qoruyur. Onun qalınlaşdırıcı təsiri isə saça daha çox həcm verir. Tərkibindəki çoxsaylı zülallar sayəsində saçlar dərindən qidalanır və nəmlənir, nəticədə çox daha parlaq bir görünüş əldə edilir.
Daha asan istifadə edildiyi üçün ən yaxşı nəticəni əldə etmək məqsədilə toz halında olan jelatindən istifadə etmək məsləhət görülür.
Maskanın tərkibi:
1 ədəd yumurta
1 xörək qaşığı jelatin tozu
1 xörək qaşığı alma sirkəsi
Yarım stəkan süd
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı şirin badam yağı
Hazırlanması:
Südü qızdırıb üzərinə jelatini əlavə edin. İki inqrediyent yaxşı qarışana qədər yavaş-yavaş qarışdırın, sonra kondisioner rolunu oynayacaq zeytun yağı, alma sirkəsi və şirin badam yağını əlavə edin. Bütün inqrediyentlər tam qarışdıqdan sonra ocağı söndürün və məhsulun soyumasını gözləyin. Soyuduqdan sonra yumurtanı da əlavə edib təkrar yaxşıca qarışdırın.
Necə tətbiq edilir?
Saçınızı həmişəki kimi yuyun, sonra maskanı bütün saçınıza çəkin. Köklərdən başlamaq, ardınca uclara doğru hərəkət etmək lazımdır. Məhsulun bərabər paylandığından əmin olmaq üçün daraqdan da istifadə edə bilərsiniz.
Maskanı saçınızda 1 saat saxlayın, sonra ilıq su ilə yuyun və hər zamanki baxım vərdişinizə əməl edin.
Yaxşı nəticə əldə etmək üçün bu maskanı həftədə iki dəfə təkrar etmək məsləhətdir.
Gün keçdikcə saçlarınızın daha hamar və yumşaq, daha az kövrək və daha parlaq olduğunu görəcəksiniz.
Aysel