İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.
"BakuPost"un məlumatına görə, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.
O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev ona zəng edən jurnalistə kənddə olduğunu və heç nədən xəbərinin olmadığını demişdi.
“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.