Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kənddə niyə özümüzü yaxşı hiss edirik?

  • 2018.12.02 21:53
  • 7178 Baxış
Kənddə niyə özümüzü yaxşı hiss edirik?
Havada olan aeroionlar həyat üçün vacib komponentlərdən biridir. Bunlar azot, oksigen, karbon, hidrogen və ozon qazlarıdır. Atmosfer havasında göstərilən komponentlərin yükləri neqativ və pozitiv olmaqla iki yerə ayrılır. İnsanların normal yaşaması üçün yumşaq neqativ aeroionlar, əsasən də oksigen ionu çox faydalıdır. Havada neqativ ionların miqdarı nə qədər çox olarsa, insan sağlamlığına bir o qədər müsbət təsir edər. Bu səbəbdən havada neqativ ionların miqdarını çoxaltmaq üçün Çijevski çil-çırağından istifadə etmək məsləhətlidir. Bu çil-çıraq mənzilləri dağ və meşə havası ilə təmin edə bilir. Təmiz meşə sahəsində bir kubsantimetr havada 700-1500 neqativ ion mövcuddur.


Medicina.az xəbər verir ki, bu barədə AzərTac-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.


Mütəxəssis bildirib ki, şəlalələrin yaxınlıqlarında və dəniz sahillərində neqativ ionların sayı bir kubsantimetr havada 50–100 min arasında dəyişir. Bir çox istirahət məkanlarında neqativ aeroionların miqdarı çox olduğu üçün orada dincələn insanlar özlərini yaxşı hiss edirlər. Neqativ yüklü aeroionlar virus infeksiyaları, yuxarı tənəffüs yollarının xroniki xəstəliklərinin, hipertonik, infarkt, bitişməyən yaralar, yanıq, sinir sistemi, vərəm və mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı müsbət təsir edir. Onların miqdarının azalması isə insanlarda xroniki, o cümlədən mərkəzi sinir sistemi, ürək-damar sistemi və tənəffüs orqanları xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır.


"Dağlıq ərazilərə nəzərən şəhərlərin havasında oksigen və neqativ ionların miqdarı 100 dəfə az olur. Qapalı yerlərdə isə pozitiv aeroionlar çoxluq təşkil edir, neqativlər isə praktiki olaraq yox olur. Evlərdə, iş yerlərində olan televizorlar, displey və kompüterlərin çalışması nəticəsində onlardan əmələ gələn elektromaqnit dalğaları ətraf mühiti şüalandıraraq pozitiv yüklü aeroionlar yayır. Bundan əlavə, insan özü də pozitiv yüklü aeroionların mənbəyi ola bilər. Nəticədə isə insan üçün lazım olan neqativ yüklü aeroionların sayı sıfıra bərabər olur. İonlaşmayan aşağı tezlikli şüalanma nəticəsində mərkəzi sinir sisteminin həyəcanlanması baş verir. Bundan başqa, neqativ yüklü aeroionların çatışmazlığı başağrısı, depressiya, təngnəfəslik, yuxusuzluq, dəri və xərçəng xəstəliyinə, hamilə qadınlarda isə qanaxmaya səbəb olur. Avropa standartlarına görə, displey ətrafında bir kubmetr havada neqativ yüklü aeroionların sayı 600-800 arasında dəyişməlidir”,-deyə A.Hüseynli qeyd edib.


O, həmçinin deyib: "Evdə olan hava ətrafdakına nisbətən 6-8 dəfə çirkli, 15 dəfə isə toksikidir. Ona görə də evlərdə neqativ yüklü aeroionlar verə bilən cihazlardan istifadə edilməsi tövsiyə olunur. Müxtəlif modifikasiyalı Çijevski çil-çıraqları, ionlaşdırıcılar və ozonatorlar evin havasını kiçik dispersli tozcuqlardan təmizləyir. Bu isə allergiyadan əziyyət çəkənlərə müsbət təsir edir”.