Türkiyə keçəl kişilərin saç əkdirmək üçün müraciət etdiyi ölkələrin başında gəlir.
Medicina.az xəbər verir ki, keçəllikdən əziyyət çəkənlərin ucuz və effektiv nəticə üçün ümid bağladığı ölkədə son zamanlarda müşahidə olunan bahalaşma sağlamlıq turizminə də təsir edib.
Belə ki, Türkiyə bu sahədə qiymət üstünlüyünü itirib.
Məsələn, indi Almaniyadan olan şəxs Türkiyəyə gediş-gəliş aviabiletinin pulunu ödəməklə İspaniyaya gedib saç əkimi etdirə bilər.
Üstəlik, Türkiyədə təhsil almış insanlar xaricdə işləməyə üstünlük verməyə başlayıblar.
Əvvəlki illərdə Türkiyə hər il təxminən 2 milyon sağlamlıq turisti qəbul etdiyi halda, bu rəqəmin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.
Hazırda saç əkimi mərkəzləri bir-bir bağlanır və ya satışa çıxarılır.
Bütün bunlar sektorda böhrana səbəb olur. Tanınmış klinika və ya xəstəxana mühitində 2500-3000 dollara başa gələn saç əkimi, naməlum yerlərdə min dollar civarında həyata keçirilir. Bu isə xəstələrin riskli vəziyyətlərlə üzləşməsinə və ölkənin sağlamlıq sahəsindəki imicinin mənfiyə doğru dəyişməsinə səbəb olur.
Qeyd edək ki, keçəlliklə üzləşən azərbaycanlılar da adətən saç əkimi üçün qonşu ölkəyə üz tuturdular.
Aysel