Yaşlandıqca bəzi orqanlarda problemlər yaranır. Bu problemlərin kəskinliyi isə pəhrizdən, nə qədər idman etdiyinizdən və genetika kimi bir sıra amillərdən asılıdır.
Beyin yaşdan ən çox təsirlənən orqandır. Yaddaş problemləri və beyinlə bağlı bir çox xəstəliklər əksər yaşlılarda müşahidə edilir. Ancaq düzgün qidalanma ilə beynin gücünü qorumaq biraz da öz əlimizdədir.
Tədqiqatlar göstərir ki, müəyyən qidalardan daha çox istifadə etmək beyni qoruduğu kimi, bəzi qidalar isə əks təsir göstərir.
Həkim-onkoloq Cenin Bourinq beyin hüceyrələrini məhv edən iki qidanın adını açıqlayıb. O, bu qidaların marqarin və kartof qızartması olduğunu bildirib.
Həkimin sözlərinə görə, marqarin birbaşa beynə zərər verir.
"Beyni zədələyən qidalardan ən birincisi marqarindir. Marqarin trans yağlardan hazırlanır, bu da bütün bədəninizdə iltihaba səbəb olur, lakin xüsusilə beyin və sinir sisteminiz üçün təhlükəlidir", - deyə həkim vurğulayıb.
Çoxsaylı tədqiqatlar trans yağların beyni zədələdiyini sübuta yetirib. “Medical Journal”da 2016-cı ildə dərc olunmuş məqalədə deyilir: “Trans yağlar beyin və sinir sisteminə mənfi təsir göstərir”.
Trans yağlar beyin hüceyrə membranlarını hədəf alır və neyronların ünsiyyət qabiliyyəti dəyişir. Bu, zehni performansı azalda bilər. Trans yağ qəbulu ilə depressiya riski arasında da əlaqə müşahidə olunub.
Cenin Bourinqin sözlərinə görə, təkcə kartof qızartması yox, müəyyən yağlarda qızardılmış bütün qidalar beyin hüceyrələrini məhv edir.
"Təəssüf ki, mən də kartof qızartmasını sevirəm, lakin qızartma üçün əsasən bitki yağından və ya kanola yağından istifadə olunur. Bu yağ turşuları da iltihaba səbəb olur. Araşdırmalar göstərdi ki, qızardılmış qidalar beyin üçün çox təhlükəlidir”, - deyə həkim-onkoloq qeyd edib.