"Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb".
Medicina.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın deyə əlavə 10 milyon manat vəsait ayrılmasına göstəriş verilib:
"İranda qalan Azərbaycan vətəndaşlarının təxliyyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın".
Dövlət başçısı çıxışında məktəblərin bağlanmasından da söz açıb: "Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır".