“Operativ Qərargah vaxtaşırı yumşalmaları həyata keçirir və sərbəstliklər artır. Sərbəstliklər artdıqca təmaslar artır, təmaslar artdıqca isə yoluxmanın sayı arta bilər. Bu, qaçılmaz bir şeydir”.
Medicina.az xəbər verir ki, bunu “Real intervyu”ya müsahibəsində TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov deyib:
“Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar heç də arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.
Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir. İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da sözsüz, məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilər.
Dünyada da vəziyyət ürəkaçan deyil. Artıq yoluxanların sayı 30 milyona, Covid-19-dan ölənlərin sayı 1 milyona çatmaqdadır. Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən qadağa tədbirləri görməyə başlayıblar. Qonşu Türkiyədə də yoluxmaların sayı artmaqdadır və bu səbəbdən qadağalar yenidən tətbiq olunmağa başlanılıb.
Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.
Təmaslar artdıqca, yoluxanların sayı da çox olacaq. Təmaslardan qaçmaq və qoruyucu vasitələrdən istifadə etmək hökmən vacibdir.
Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır. Hər kəs birinci özünü qorumalıdır, Operativ Qərargahın qərarlarına sayğı ilə yanaşmalıdır”.