Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Karantin rejimi uzadılacaq” - Prezident İlham Əliyev

  • 2020.04.17 16:52
  • 3126 Baxış
 “Karantin rejimi uzadılacaq”  - Prezident İlham Əliyev

Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Prezident öz çıxışı zamanı karantin rejiminin uzadılacağını bildirib.


Medicina.az prezidentin çıxışından bir hissəsini təqdim edir:

- Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir.

Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər.

Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.

Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.

Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.

O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır.

Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin. Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar.

Onu da bildirməliyəm ki, mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb, indi 70 mindən çoxdur. Əlbəttə ki, hər bir məsələyə biz ayrı-ayrılıqda baxmalıyıq, vahid meyarlar tətbiq olunmalıdır və bu meyarlar vətəndaşlara da aydın olmalıdır ki, bununla bağlı heç kimdə heç bir şübhə qalmasın.