Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Karantin dövründə əsəb sistemi - Psixoloji gərginlikdən necə qurtulmalı?

  • 2020.08.08 16:54
  • 2369 Baxış
Karantin dövründə əsəb sistemi  -  Psixoloji gərginlikdən necə qurtulmalı?



Hələ çox qədim zamanlarda müşahidə edilmişdir ki, insan bərk əsəbiləşən kimi bədən funksiyaları pozularaq müxtəlif dərəcədə nəzərə çarpan xəstəlik əlamətləri yaranır.

Bəzən heç biz özümüz də hiss etmirik ki, gücümüz tükənmək üzrədir, odur ki, səbəbsiz narahatlıq, həyəcan hissi, inamsızlıq bizi bürüyür.

Bizim bir çox xəstəliklərimiz, bu sonu bitməyən gərginliyimizin nəticəsində əmələ gəlir. Təbii ki, emosiyasız həyat yoxdur: ayıq şəxs daim nə isə hiss edir: sevinc və qəzəb, ləzzət və ya ikrah, özündən, öz işindən, öz ailə və güzəranından, əhatəsindən razılıq və ya, əksinə, narazılıq. Bəzən emosiyalar yavaş-yavaş, insan hiss etmədən yaranır, tədricən o dərəcədə güclənir ki, insanın bütün davranışına təsir göstərir, uzun müddət, hətta aylarla, illərlə, on illərlə davam edir.

Bəzən isə emosiya qəflətən, gözlənilməz böyük və ya kiçik hadisənin təsirindən baş verir. Əlbəttə, biz bizi haqlayan xoşagəlməz hadisələrin baş verməsinə mane ola bilmərik. Eyni ilə son zamanlar içində olduğumuz pandemiya dövründə olduğu kimi. Ancaq biz bizi bürüyən gərginliyə qarşı mübarizə apara və onu aradan qaldıra bilərik.

Medicina.az psixoloq Günay Qasımovanın karantin və sərt qapanma günlərində psixoloji sakitliyə nail olmaq və əsəblərimizi qorumaq üçün məsləhətlərini təqdim edir:


Televizor, telefon, planşet və gadjetlərə bağlılıq stress faktorunu gücləndirir,


"Günlərdir, karantin rejimində yaşayırıq. Əlbəttə, bu kritik vəziyyət hər kəsə eyni səviyyədə təsir göstərmir. Bəziləri evdə qalıb ailələri ilə vaxt keçirməkdən məmnun olsa da, digərləri isə rutin həyatları üçün darıxdıqlarından stress və qorxu halları ilə üzləşirlər. Baxmayaraq ki, karantin rejiminin şərtləri yumşaldılıb, ancaq psixoloji təsirləri hələdə davam etməkdədir. Çünki bəzi ailələrdə karantin rejimi normal vaxtlarda oldugu kimi keçir .Ona görə də belə ailələr üçün bu dönəm o qədər də çətin deyil.

Lakin bəzi ailələrdə bağçaya, məktəbə işə gedənlərin bu dönəmdə bir arada olması bir çox problemləri üzə çıxarır.

Beləliklə, valideyinlərdə aqressivlik, uşaqlarda davranış pozuntuları, diqqətsizlik yaranır. Məktəblərin məlum səbəblərdən bağlanması, dərslərin onlayn şəkildə keçrilməsi uşaqların dərsə olan biganəliyin artmasına səbəb olmuşdur. Əksər uşaqlar keçirilən onlayn dərsləri qəbul etsələr də, amma bəzi uşaqlar kollektiv şəkildə dərs keçməyin effektini vermədiyi üçün bunu qəbul etmirlər. Belə vəziyyətdə gündəlik rejim dəyişikliyi həm uşaqlarda, həm də valideynlərdə əsəb gərginliyi və stress yaradır. Belə olduqda yuxu rejiminə düzgün əməl olunmur, enerji düzgün istiqamətlənmir.

Bununla yanaşı, televizor, telefon, planşet və gadjetlərə bağlılıq artmağa başlayır. Bu da stress faktorunu gücləndirir, aqresivliyi çoxaldır, sinir sisteminin pozulmasına gətirib çıxardır. Belə olduqda psixoloqlara ehtiyac artmağa başlayır.

Karantin dönəmi o insanlar üçün çətin keçir ki, karantindən öncə problemlərinin üzərinə getməyib, karantin dönəmində bunu həll etməyə çalışırlar. Ona görə ailədə konfiliktlər artır.

Məsələn: Əvvəlcədən uşaqlarında var olan problemi valideynlər evdə qaldıqları müddətdə hiss etməyə başlayırlar. Ona görə hər bir problem vaxtında həll olunmalıdır. Bu günün işini sabaha saxlamaq olmaz. Bu karantin dönəmi hamımıza bir dərs olmalıdır.






Karantin dövründə psixoloji gərginlik yaşamamaq üçün üçün nə etmək lazımdır?

Baş verən bir hadisəyə müxtəlif adamlar müxtəlif cür reaksiya verir, özlərini müxtəlif cür aparırlar. Odur ki, həyatda baş verən qarışıq hadisələrə fəlsəfi (ağılla) yanaşmağı bacarmaq lazımdır.

Çox insana özünütəlqin kömək edir. Biz özümüzü pis hiss etdikdə bizdə hazır şəkildə bir neçə söz olmalıdır ki, həmin sözləri daxilən, ya da astadan təkrar-təkrar deməliyik. Sadə özünütəlqin: “Mən bacaracağam.”, “Hər şey yaxşı olacaq” – bu sözlər bizi gərginliyə səbəb olan refleksdən azad edə bilər.

Gərginlikdən mütləq yayınmağa çalışmalıyıq, özümüzə yaxşı qulluq etməliyik, sağlam qidalanmağa çalışmalı, mütəmadi hərəkətli olmaq və idman etməli, normal yatmalı, dincəlməli, spirtli içki, tütün vasitələrdən uzaq olmalıyıq. Normal həyata qayıtmaq üçün sevdiyimiz şeylərlə, hobbilərimizlə məşğul olmağa çalışmalıyıq. Ümid hissimizi qorumalı və müsbət düşünməyə davam etməliyik. Hisslərimizi ailə üzvlərimiz və yaxınlarımızla bölüşməliyik. Çox çətinlik yaşadığınız, çıxılmaz durumda olduğunuz hallarda psixoloqa müraciət edin.


Təbii ki, pandemiya dövründə yaranmış gərginlik bu və digər formada bir müddət davam edəcək. Zaman-zaman müxtəlif istiqamətlərdə onun təsirini öz üzərimizdə hiss edəcəyik. Lakin gərginliyi maksimal dərəcədə azaltmaq üçün aktivliyimizi qoruyub saxlamalı, rejimlə fəaliyyət göstərməli, pandemiya dövrünə özümüzü psixoloji olaraq hazırlamalıyıq.

Bu dövr fərqli bir dövr olacaq, insanların ruh halına bir başa təsir göstərəcək, bu da, təbii ki, psixoloji gərginliyin artmasına səbəb olacaq.

Ona görə də hər bir insan bu vəziyyətə psixoloji olaraq hazır olmalı, qaydaları diqqətində saxlamalıdır.

Əlbəttə, pandemiyanın psixoloji təsirindən sığortalanmaq üçün psixoloji dəstəyin göstərilməsi çox vacib şərtlərdən biridir. Günün reallığına uyğun olaraq bu gün belə xidmət cəmiyyət üçün onlayn formada həyata keçirilir. İnsanlar bundan yararlanmalı və istifadə etməyə çalışmalıdırlar.

GÜNAY QASIMOVA
AİLƏ PSİXOLOQU

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.