Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən etibarən iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib.
Medicina.az xəbər verir ki, həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.
Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar - anadan körpəyə yoluxma yolu ilə keçə bilər.
Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.
“Səssiz qatil” adlandırılan hepatit C xəstəliyi uzun müddət orqanizmdə qalır və sonradan ciddi fəsadlara səbəb olur. Əvvəlcə fəal başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir, lakin heç də bütün hallarda seroza keçmir. Ancaq onların təxminən 20 faizində qaraciyər serozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.
Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır.
Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni, 2 milyarda yaxını hepatitdən əziyyət çəkir, 325 milyon nəfər, yaxud Yer kürəsinin hər üç sakinindən biri hepatit B və ya C virusu ilə yaşayır. Hər il 900 min nəfər B virusundan vəfat edir.
B və C hepatitləri hər il 1,4 milyon insanın həyatını itirməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.