Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İy və dadbilmə yoluxmadan nə qədər sonra qayıdır? - Baş infeksionist cavabladı

  • 2021.02.18 15:55
  • 1254 Baxış
İy və dadbilmə yoluxmadan nə qədər sonra qayıdır? -  Baş infeksionist cavabladı

“Müxtəlif tədqiqatlara görə, koronavirus infeksiyasına yoluxmuş pasiyentlərin əksəriyyətində sonrakı 1 ay ərzində iybilmə və dadbilmə qabiliyyətinin tam və ya hissəvi bərpası baş verir. Bu halların tez bərpa olduğu şəxslərdə çox güman ki, virus yalnız burnun selikli qişa hüceyrələrini zədələyib”.

Medicina.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.



O qeyd edib ki, əgər zədələnmə daha dərindirsə, iybilmə və dadbilmədə iştirak edən sinir aparatı zədələnibsə bu hüceyrələr daha gec bərpa olunur: “Müşahidələr göstərir ki, yoluxmadan 3-6 ay sonra iybilmə və dadbilmə qabiliyyətinin bərpa olmadığı insanların sayı minimaldır. Lakin bəzilərində hətta bundan da çox vaxt keçməsinə baxmayaraq bu funksiya hələ də bərpa olunmayıb. Bu, həmin pasiyentlər üçün ciddi psixoloji problemlər yaradır. Alimlər iybilmə və dadbilmənin bir qisim pasiyentlərdə tam bərpa olunmayacağını da istisna etmirlər”.

T. Eyvazov bildirib ki, koronavirus infeksiyasından sonra bədəndəki ümumi zəiflik də çox uzun müddət qala bilər: “Bundan başqa xəstəliyi keçirmişlərdə depressiv vəziyyətlər, başda “duman” hissi, diqqətin cəmləşdirilməsində çətinlik, yaddaşın zəifləməsi, subfebril hərarət, baş ağrıları, bütün bədəndə ağrılar, yuxunun pozulması, ürəkdöyünmə, təngnəfəslik, döş qəfəsində ağrı və s. kimi əlamətlər də uzun müddət davam edə bilər. Xəstəliyi daha ağır formada keçirən şəxslərdə ağciyərlərin funksiyası ciddi pozula bilər və belə pasiyentlərin orqanizmi bərpa üçün uzunmüddətli müalicə tələb edir”.

Baş infeksionist əlavə edib ki, bərpa prosesi həmçinin pasiyentin yaşından və yanaşı xəstəliklərinin olmasından çox asılıdır.