Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarda su itkisinə diqqət! - Türkiyəli həkimdən önəmli açıqlamalar

  • 2024.07.05 09:40
  • 2246 Baxış
İsti havalarda su itkisinə diqqət! -  Türkiyəli həkimdən önəmli açıqlamalar
Yayın qızmar istisi daha çox qocalara, 5 yaşa qədər uşaqlara, hamilələrə, artıq və ya az çəkidən əziyyət çəkən insanlara təsir edir.




Medicina.az xəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Dr. Eyyüp Kenan Özok isti havalarla xəbərdarlıq edərək, "Yay mövsümünə görə gündəlik vərdişlər dəyişdirilməli, bədəni sərin tutaraq su itkisinin qarşısı alınmalıdır. Günorta yeriyən və ya idman edənlər səhər tezdən və ya axşam saatlarına üstünlük verməlidirlər. Xüsusən də bol su qəbul edilməlidir", - deyə bildirib.


Mütəxəssis günə.vurmasının əlamətlərini belə sıralayıb: "Dəridə tərləmə və soyuqluq, yorğunluq, susuzluq hissi, əzələ krampları, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və sidiyin qaralmasıdır".


İNFARKT TƏHLÜKƏSİ

Mütəxəssis bildirir ki, hərarət artarsa, dəri quruyur, qızarır, bədən istiliyi yüksəlir, tənəffüs və nəbz sürətlənir, davranış pozğunluqları və çaşqınlıq yarana bilər:

"Damarların genişlənməsi səbəbiylə qan təzyiqi aşağı düşür və ürək bədəndə qan dövranını təmin etmək üçün daha sürətli və daha sıx işləməli olur. Bu vəziyyətdə ayaqlarda səpki və ya şişlik meydana gələ bilər. İsti havalarda infarkt riski artır”.




Günorta saatlarında bayıra çıxmayın

Mütəxəssis deyir ki, mümkün qədər günorta saatlarında çölə çıxmamağa diqqət yetirilməlidir:

"Günün ən isti saatlarında çöldə vaxt keçirməməlisiniz. Xüsusilə günəş şüalarının şaquli olduğu saat 10.00-16.00 arasında mümkün qədər sərin yerlərdə qalın. Ətrafda kondisioner varsa, temperaturun 24-25 dərəcə təyin olunmasına diqqət yetirilməlidir”.

Həkim vurğulayır ki, çölə papaqsız və eynəksiz çıxmaq olmaz.




MAYE İTKİSİNİN QARŞISINI ALAN QİDALAR

Dr. Özok vitamin və minerallarla zəngin olan və eyni zamanda maye itkisinin qarşısını alan aşağıdakı 12 qidanı isti havalarda qəbul etməyi təklif edib:

1- Qarğıdalı
2- Buzlu qəhvə
3- Pomidor
4- Moruq
5- Qaragilə
6- Çiyələk
7- Balqabaq
8- Qovun
9- Qarpız
10 - Albalı
11- Yaşıl lobya
12- Buzlu çay





EKSPERTDƏN VACİB MƏSLƏHƏT

Dr. Özok bir sıra məsləhətlərini də paylaşıb:

- Çölə çıxarkən açıq rəngli, hava keçirən, pambıq və təri hopduran paltarlara üstünlük verilməlidir.

- Həddindən artıq tərləmənin qarşısını almaq üçün sıx bağlı ayaqqabı yerinə nəfəs ala bilən ayaqqabılara üstünlük verilməli və pambıq corablardan istifadə edilməlidir.

- Kölgə və ya kondisionerli mühitlərə üstünlük verilməli, günəş altında ağır fiziki fəaliyyətlərdən qaçılmalı və kifayət qədər maye qəbulu nəzərə alınmalıdır.

- Çöl içəridən daha istidirsə, daha yaxşı seçim pərdələri bağlamaq, içəridə qalmaqdır. Evdə oturmaqdan yorulanlar kölgə altında olmaq şərti ilə parkda vaxt keçirə bilərlər.

- Bədən özünü həddindən artıq temperaturdan qorumaq üçün tərləyir. Buna görə də gündə ən azı 2,5-3 litr su içmək lazımdır. Ancaq ürək çatışmazlığı olan xəstələrdə maye məhdudiyyəti olduğundan, bu insanlar mütləq mütəxəssis həkimə müraciət etməlidirlər.

- Həkiminizin xəbəri olmadan müntəzəm olaraq qəbul edilən dərmanlar dayandırılmamalı və ya onların dozaları dəyişdirilməməlidir. Bəzi qan təzyiqi dərmanları sidikqovucu maddələr ehtiva edir. Həddindən artıq maye itkisi nəticəsində aşağı təzyiq səbəbiylə huşunu itirmə baş verə bilər.

- Ağır və yağlı yeməklər yerinə yüngül, yüksək lifli qidalara üstünlük verilməlidir. Zeytun yağı və yüksək su tərkibli tərəvəz yeməkləri, qarpız, qovun, çiyələk, şaftalı kimi meyvələr yeyilməlidir.

- Uzun müddət həddindən artıq isti mühitdə qaldıqdan sonra birbaşa soyuq su ilə duş qəbul etməməlisiniz. Qəfil soyuq duş damarların daralmasına səbəb ola biləcəyi üçün qan təzyiqinin artmasına və ya infarkt keçirməsinə də səbəb ola bilər.

- Kofein mərkəzi sinir sistemini stimullaşdırır, ürəyin daha sürətli döyünməsinə səbəb olur. İsti hava səbəbiylə daha çox çalışmalı olan ürək, kofein qəbul edildikdə daha da sürətlənir və müxtəlif risklər meydana gələ bilər.

- Sodadakı duz bədəndə daha çox maye tutmasına səbəb olduğu üçün qan təzyiqinin artmasına səbəb ola bilər.

- Yüksək qan təzyiqi ürək çatışmazlığı və beyin qanaması kimi ciddi problemlərin mühüm səbəblərindən biridir. Buna görə də qəhvə və soda kimi içkilərin qəbuluna böyük diqqət yetirilməlidir.


Aygün Nəbiyeva
Medicina.az