Yayın isti havalarında sərinləmək üçün müxtəlif yollara əl atırıq. Buzlu içkilər və soyuq duş almaqla istidən qaçmaq sağlamlığınıza zərər vermək deməkdir
“Medicina” xəbər verir ki, həkim – terapevt Oleq Perkuşinin sözlərinə görə, çox vaxt insanlar buzlu duşla və ya dondurucudan su içərək sərinləməyə çalışırlar. Amma bunlardan daha faydalı metodlar var. Xüsusilə isti küçədən evə yeni girmisinizsə, bunları edin:
1. Əllərinizi soyuq suda isladın. Bu, ən asan və sürətli yoldur. Əllərdəki soyudulmuş qan damarlardan keçərək, bütün əzalarda bədən istiliyini aşağı salacaq. Təsiri təxminən bir saat davam edə bilər. Daha sonra proseduru təkrarlaya bilərsiniz.
2. Boynunuza soyuq suda isladılmış dəsmal qoyun. Bunun sayəsində beyin artıq o qədər də isti olmadığını anlayacaq və bütün orqanlara istilikdən əziyyət çəkməyi dayandırmaq əmri verəcək.
3. Açıq dərini soyuducu spreylə sərinlədin. Bu, adi ətirli bədən spreyi və ya soyuducuda saxlanılan limon suyu ola bilər. Bu üsulun bədən istiliyini 3-5 dərəcə tez aşağı salmağa kömək edəcəyi sübut edilib.
4. Daha çox adi su için. Nə qədər çox içsəniz, qan damarlarda bir o qədər aktiv şəkildə dövr edir.
5. Soyuq meyvələr yeyin. Onlar nə qədər şirəli və soyuq olarsa, bir o qədər rahatlıq hiss edəcəksiniz. Bununla belə, iki əsas şərtə əməl edilməlidir: meyvələr çox yüksək kalorili və buzlu olmamalıdır.
Aygün Musayeva