Son bir neçə ildir ki, Rusiya, MDB dövlətləri, Türkiyə, eləcə də Azərbaycanda keysəriyyə ilə doğum dəbi ilə yanaşı, uşağın doğum tarixinin "zerkalni" günlərə düşməsi və bürcünün uğurlu seçilməsi üçün analar əməliyyat tarixini həkimdən xahiş və ya tələb edərək dəyişirlər. Ya gecikdirir, ya da çox öncəki tarixə salırlar.
Bəzi həkimlər uşağın sağlamlığı üçün təhlükə yoxdursa, ata-ananın qəlbini qırmır, güzəştə gedir, problem yaratmır, digər həkimlər, alimlər isə həyəcan təbili vurur. Uşağın vaxtından tez keysəriyyə ilə alınması tibbi qaydalara, həkim rəyinə uyğun olmalıdır, ananın
bürc sevgisinə görə yox.
"Medicina" xəbər verir ki, doğulacaq uşağının bürcünü, gününü və rəqəmlərini öncədən planlayan müasir cütlüklər sosial şəbəkələrdə də bir trend yaradıblar.
Amerika, Avropada yaşayan qadınlar övladlarının Qız, Buğa, Şir, Əqrəb olması üçün əllərindən gələni edəcəklərini deyir.
Hətta bütün ailə oturub astroloji xəritə incələyib, doğulacaq uşağın bütün ailə üzvləri ilə yola gedəcək bürcdə olmasını hesablayır.
Astroloqlar bildirir ki, bu mövzuda onlara da müraciət edirlər. Uşağın astroloji xəritəsini hesablatdırıb, bürcə, saata, günə görə doğumu hətta 15 gün öncəyə çəkmək istəyənlər də var.
Astroloq deyir ki, bu zaman mən onlardan "həkimin hansı günü, tarixi məsləhət görür" soruşuram.
Əgər həkim protkola ana və uşağın sağlamlığını nəzərə alıb, filan günü nəzərdə tutubsa, onu uzağı 1 gün geri irəli çəkmək olar. Amma mən cütlüklərə uşağın doğum tarixi ilə "oynamamağı" tövsiyə edirəm.
Hər körpə öz taleyi, alın yazısı, xəritəsi, xarakterini təyin edən bürcü və ulduzu altında doğulur.
Astroloq Didem İlhan uşağın lazım olan vaxt doğulmasının vacibliyini bildirib.
Uşağın bürcünü uğurlu seçmək ata-ananın onun taleyinə və ailənin gələcək durumuna görə narahat olduqlarına görədir.
Vəziyyəti aşırı dərəcədə nəzarətə almaq istəyi planlı müasir həyatın bir parçasıdır.
Üstəlik uşağın doğumunu öz ad gününə, toy gününə, özəl tarixlərə, bayramlara salınmasına çalışanlar da var.
Qadın doğuş uzmanı Gurkan Bozdağ bildirib ki, keysəriyyə ilə doğumun ən uyğun həftəsi 38-39-cu həftədir.
"38 həftə tamamlanmalıdır. 39-cu həftədə alınan uşaq normal doğuma ən yaxın fizioloji tamamlanmış olur. Planlama tarixi 38-39-cu həftə içində olacaqsa, aparıla bilər. Bundan kənara çıxılmalar yol verilmir.
Həkimlərin anaların kaprizlərinə güzəştə getməsini anlaya bilmirəm.
Sezaryan kəsiyi bəsit əməliyyat deyil. O, ana və uşaq üçün təhlükəlidir. Ona görə həkimin dediyi, xəstəxananın hazır olduğu və gündüz saatlarında aparılmalıdır.
Xəstəxanada digər həkim və personal da iş başında olmalıdır ki, risk ola bilər.
Üstəlik ana nə qədər desə də, ciddi risk səbəbindən keysəriyyə ilə körpənin dərhal alınması, ən qısa zamanda bətndən götürülməsi zərurəti yarana bilər.
Doğum bir sağlıq prosesidir. Burda ağıl, məntiq, sağlıq əsas şərtdir".
Aygün Musayeva