5 yaşlı Timofeyi Almaniya və İsrail həkimləri belə çəkinmişdilər. Belə ki, uşağın mədəaltı vəzisini və yanaşı orqanları əhatə edən nəhəng şişi çıxarmaq olduqca çətin və təhlükəli idi.
Medicina.az xəbər verir ki, Rusiyanın məşhur Komsomolskaya Pravda qəzeti unikal tibbi əməliyyat barədə geniş yazı dərc edib.
Perm şəhərindən olan 5 yaşlı oğlanın mədəaltı vəzisində nəhənf ölçüdə neydoendokrin şiş yaranıb. Belə şişlər azyaşlı uşaqlarda rast gəlinmir, adətən 30 yaşından sonra olur. Ona görə uşaq cərrahları mədəaltı vəzi kimi orqanı tam tutan və sıxan şişi çıxarmağa risk etmirdilər.
Uşağı Almaniya və İsrailə aparsalar da, hər iki ölkədə cərrahlar 5 yaşında uşaqda belə nəhəng şişi heç vaxt əməliyyat etmədikləri üçün uğurlu sonluğa zəmanət vermirdilər.
Valideynlər vaxt itirirdilər, şiş isə böyüyürdü və mədəaltı vəz işləyə bilmirdi. Artıq şiş magistral damarları sıxıb, qaraciyər, öd, çanaq orqanlarına qan dövranını pozmuşdu.
Ümidini itirmiş valideynlər Bloxin adına uşaq onkoloji mərkəzinə üz tuturlar. Burada böyüklər üçün olan onkoloji institutun aparıcı elmi işçisi, tanınmış cərrah, radiocərrahiyyə şöbəsinin rəhbəri, azərbaycanlı Polad Kərimov dəvət olunur, o əməliyyatı öz üzərinə götürür.
Polad Kərimov nəhəng şişin yerləşməsini olduqca çətin qiymətləndirir:
“Bu eksklüziv şiş mədəaltı vəzin bütün mərkəzi hissəsini, baş hissəsini tutaraq, 12 barmaq bağırsağa doğru böyümüşdü. Onun ölçüləri 15x12x12 santimetr idi. Biz mədəaltı vəzin vöyük hissəsini, mədənin və öd yollarının bir hissəsini kəsib götürməli olduq. Mədəaltı vəzin təkcə quyruq hissəsi qaldı, bu onun funksiyaları üçün yetərli idi. Biz əməliyyata ümidlə girdik, fərlqi texnikalar tətbiq etdik, amma bununla belə valideynləri də xəbərdar etmişdik ki, əməliyyat sonrası ağırlaşmalar və həyat keyfiyyətinin pisləşməsi ola bilər. Orqanizmin belə əməliyyata necə reaksiya verəcəyini heç kim öncədən bilməzdi”.
2 mərhələdən ibarət, 6 saat çəkən əməliyyat uğurlu oldu və cərrahlar anatomik olaraq bütün orqanları həyat üçün yararlı vəziyyətə çatdırdılar.
Əməliyyatdan 5 ay keçib, uşaq özünü çox yaxşı hiss edir. Heç bir dərman qəbul etmir, sadəcə qidalanaraq, arada cərrah nəzarətində olur.
Moskvada “qızıl əllərin sahibi” kimi tanınan cərrah Polad Kərimov ən ağır əməliyyatları uğurla icra etməsi ilə məşhurdur.