Yanvarın 11-də gənc azərbaycanlı həkim Elvin Əliyev İspaniyada yüksək qiymətlə doktorluq elmi işini müdafiə edib.
Əvvəllər Naxçıvan MR xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator kimi çalımış Elvin Əliyev 2013-cü ildə İspaniya Krallığının Santiaqo de Kompostela Universitetinin Tibb fakültəsində doktorantura pilləsinə qəbul olunub. Tədqiqat mövzusu "Papilyar tiroid mikrokarsinomalarında hormonal reseptorlar və BRAF-ın klinik-patoloji tədqiqi. "Porto təklifi"nin təsdiqlənməsi” idi.
Medicina.az Elvin Əliyevin Azvision.az-a verdiyi müsahibəni təqdim edir:
- Təbii ki, bu ölkəyə gəldiyim ilk vaxtlardan bəzi çətinliklərlə rastlaşdım, çünki hər şey mənim üçün tam fərqli və yeni idi: ölkə, mədəniyyət, din, dil və s. Amma önümdə bir məqsəd var idi: təhsilimi uğurla başa vurmaq. Buna görə də elmi rəhbərlərimlə anlaşmaq və elmin dərinliklərinə yiyələnmək üçün ilk planım qısa zaman ərzində ispan dilini yüksək səviyyədə öyrənmək oldu. Dil biliyi mənim üçün elmi tədqiqat işimdə, eləcə də karyeramda çox önəmli addımlardan biri idi,- deyə o, bildirib.
- İspaniyaya gedərkən digər planların necə idi?
- İkinci planım doktorantura təhsili müddətində zamanı doğru dəyərləndirmək və enerjimi faydalı işlərə sərf etmək idi. Məlum olduğu kimi, burada, yəni Avropa ölkələrində elmi tədqiqatlar elmi tədqiqat qrupları tərəfindən həyata keçirilir. Mənim də elmi tədqiqatım tibbin üç əsas sahəsinə əsaslandığına görə üç professorla birlikdə elmi araşdırmalar apardım. Bunun üçün hər gün səhərlər Universitet xəstəxanasının Cərrahiyyə şöbəsində elmi rəhbərim Prof. Dr. Barreiro Morandeira ilə birlikdə xəstələrin müayinəsi və cərrahi əməliyyatların icrasını həyata keçirməklə yanaşı cərrahiyyədə olan ən son yenilikləri öyrənməyə səy göstərirdim. Yeri gəlmişkən, cərrahi əməliyyatlarda qazanmış olduğum bilik və bacarıqlara görə Azərbaycanda tələbəlik illəri və işlədiyim müddətdə cərrahiyyənin elmi teorik və praktik biliklərini mənə səbrlə öyrədən Naxçıvan MR xəstəxanası və Diaqnostika Mərkəzinin həkim kollektivinin böyük əməyini vurğulamaq istəyirəm.
- Orada təhsil və elmi tədqiqat prosesi necə gedirdi?
- Universitet xəstəxanasının Patoloji Anatomiya şöbəsində digər elmi rəhbərim Prof. Dr.Xose Manuel Kamesege Teixeiro (José Manuel Cameselle Teijeiro) ilə tiroid vəzi toxumalarının makro- və mikroskopik müayinə və diaqnostikasını icra etməklə yanaşı elmi rəhbərimdən bu sahədə olan yenilikləri və elmin sirlərini oyrənirdim. Digər tərəfdən tiroid mikrokarsinomalarında hormonal reseptorların ifadəsini və molekulyar dəyişiklikləri, xüsusən BRAF mutasiyasını və bunların xərçəngin yaranmasında və inkişafında rolunun olub-olmamasını öyrənməyə çalışdıq.
Molekulyar tibb və xronik xəstəliklər üzrə tədqiqat laboratoriyasında digər elmi rəhbərim Prof. Klara Alvarez Vigamarinin (Clara Alvarez Villamarin) tövsiyələri və nəzarəti ilə elmi tədqiqatımızın önəmli məqsədlərindən olan multiple (coxsaylı) immunohistokimya texnikasını inkişaf etdirməyə və elmə yenilik gətirməyə çalışırdıq. Eyni zamanda, məqsədimiz bu métodu insan toxumaları üzərində inkişaf etdirmək və gələcəkdə xəstəliklərin diaqnostikasında istifadə edilməsi idi. Buna görə əksər hallarda günlərlə laboratoriyada gecələməli olurdum. Bu metodla biz prostat vəzi, süd vəzi ve tiroid vəzinin normal və şiş toxumalarında üç müxtəlif hormonal reseptorların və digər transkripsiya amillərin eyni bir nümunə üzərində hətta eyni bir hüceyrədə ifadəsini aşkarlamağa nail olduq. Bu texnikanın sadə bəsit immunohistokimyadan fərqli olaraq daha həssas və dəqiq olduğunu göstərə bildik. Bununla belə bu metodun diaqnostikası və müalicəsi çətin olan onkoloji xəstəliklər haqda daha geniş məlumat verəcəyi qənaətinə gəldik.
- Azərbaycanda aldığın diplom İspaniyada karına gəldimi?
- Təhsil müddətində fürsətdən istifadə edərək, Azərbaycanda aldıgım Tibb diplomunu İspaniyada tanıtmağa nail oldum. Təbii ki, Tibb üzrə bir neçə imtahandan uğurla keçərək.
Doktorantura təhsili ərzində təhsilə aid bütün tələbləri vaxtında düzgün və səlis şəkildə yerinə yetirməklə yanaşı, bir çox elmi məqalələr nəşr etdirməyə və çoxlu sayda yerli və beynəlxalq konfranslarda çıxış etməyə müvəffəq oldum.
- İspaniyada təhsildən başqa hansısa fəaliyyətin olubmu? Məsələn, ictimai-siyasi sferada?
- Təbii ki, bu müddətdə elmi fəaliyyətlə yanaşı, Azərbaycanımın ərazi bütövlüyünü, bayrağımız, gerbimiz, milli mədəni dəyərlərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz, qonaqpərvərliyimizi, hətta milli mətbəximizi fürsət düşdükcə tanıtmağa çalışırdım. Bundan əlavə paytaxt şəhər olan Madridə səfirliyimizin təşkil etdiyi "Xocalı Soyqırımı”, "20 yanvar” kimi tədbirlərdə iştirak etmişəm, lazımi köməklikləri göstərməyi özümə borc bilmişəm.
- Azərbaycana qayıdacaqsanmı?
- Bəli, qısa zamanda Azərbaycana qayıtmağı planlaşdırıram. Yenidən Naxçıvan MR xəstəxanasının Cərrahiyyə şöbəsinə geri dönərək, orada işləmək və təcrübəmi bizim həkimlərlə bölüşmək, onlarla birlikdə yenilikləri tətbiq etmək arzusundayam. Digər tərəfdən, elmi fəaliyyətimi həmkarlarımla birlikdə davam etdirmək, yeni kəşflərə imza atmaq istəyirəm. Hətta Nobel mükafatı da ala bilərik. Niyə də yox?!..