Arizona Dövlət Universitetinin alimləri ispanağın daha öncə bilinməyən faydalarını aşkarlayıblar.
Medicina.az xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində ispanağın orqanizmdə iltihabı azaltdığı və yaşlanma prosesini ləngitdiyi müəyyən edilib.
Belə ki, “lutein” adlı maddə, həmçinin A, C və K vitaminləri ilə zəngin olan ispanaq bu qida komponentləri sayəsində bir çox problemin həllinə çevrilə bilər.
Alimlər bildiriblər ki, ispanaq həm də gözün normal fəaliyyətini, rəng qavrayışını və görmə kəskinliyini təmin edir. Bu göyərti, həmçinin qanın laxtalanmasını tənzimləyir. Eləcə də dəri, sümük və ürək sağlamlığı üçün tez-tez ispanaq istehlak etmək vacibdir.
İspanağın təbii antioksidant xüsusiyyətlərə malik olduğunu diqqətə çatdıran mütəxəssislər onun bişirilmə üsuluna xüsusi əhəmiyyət verməyi tövsiyə ediblər. Bildirilib ki, bişirilmə üsulundan asılı olaraq göyərtinin qida dəyəri dəyişir. İspanağı çiy halda yemək və ya salatlara əlavə etmək daha yaxşı seçimdir.
Qeyd edək ki, araşdırmanın nəticələri “Food & Function” jurnalında dərc olunub.
Aysel