Aprelin 27-28-də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib.
Medicina.az xəbər verir ki, aksiyadan öncə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və təşkilatın üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Sevil Əhmədova və RİH-in məsul şəxsləri, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vidadi Rəhimov İsmayıllı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə qızılgüllər düzülüb.
Daha sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən kardioloji, nevroloji və endokrinoloji müayinələr keçirilib. Həmçinin müasir rəngli doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinələri də aparılıb.
"Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!" şüarı altında keçirilən və iki gün davam edən aksiya zamanı ümumilikdə 200-dən artıq şəhid ailəsi üzvləri və qazilər müayinə olunub və onlara müxtəlif müalicələr təyin olunub.
Qeyd edək ki, bu, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən 6-cı aksiya olub. Buna qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba rayonları və Lənkəran şəhərində analoji aksiyalar keçirilib.