İşə piyada və ya velosipedlə getmək ömrü uzadır.
Medicina.az xəbər verir ki, bunu Qlazqo İctimai Sağlamlıq Mərkəzinin (Böyük Britaniya) alimləri müəyyən ediblər.
Məlum olub ki, işə piyada və ya velosipedlə gedən insanların şəxsi avtomobil və ya ictimai nəqliyyatdan istifadə edənlərlə müqayisədə ürək-damar xəstəliklərinə tutulmaq, psixi problemlər yaşamaq və vaxtından əvvəl ölmək riski daha azdır.
Tədqiqatın nəticələri “BMJ Public Health”də dərc edilib.
Tədqiqatda 16-74 yaş arasında olan 82 min şotland iştirak edib. İştirakçılara qidalanma və həyat tərzləri, eləcə də daha çox hansı nəqliyyat növündən istifadə etdikləri və gündəlik piyada qət etdikləri məsafə ilə bağlı suallar verilib.
Alimlər işə piyada gedən demək olar ki, bütün insanların iş yerinin evdən təxminən beş kilometr uzaqlıqda olduğunu müəyyən ediblər. Velosipeddən istifadə edən beş subyektdən dördü beş kilometrdən az, 14 faizi isə 5 ilə 9,9 kilometr arasında məsafə qət edib. Fəal olmayan sərnişinlər isə təxminən 58% təşkil edib.
Tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra iştirakçıları 18 il ərzində izləməyə başlayıblar.
Müəyyən olunub ki, xüsusilə, müntəzəm velosiped sürmək vaxtından əvvəl ölüm riskini 47%, xərçəng riskini 51% və xəstəxanaya yerləşdirməni 10% azaldır. Velosiped istifadəçilərinə ürək-damar xəstəlikləri üçün dərman təyin edilmə ehtimalı da 30% az olub.
İşə piyada getmək, öz növbəsində, hər hansı səbəbdən xəstəxanaya yerləşdirmə riskini 11%, ürək-damar xəstəlikləri və psixi pozğunluqlar üçün dərmanların təyin olunma ehtimalını isə müvafiq olaraq 10% və 7% azaldıb.
Aysel