Məşhur kardiocərrah, tibb elmləri doktoru, deputat Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı xəbər saytlarında və sosial mediada yayılan xəbərlərə münasibət bildirib.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, millət vəkilinin açıqlamasında deyilir ki, Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunub və buradakı fəaliyyəti ilə bağlı onunla 1 illik əmək müqaviləsi bağlanıb.
O, açıqlamasında qeyd edir ki, müqaviləyə görə əsas vəzifələri Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub:
"Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb.
Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb. Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır.
Bununla bağlı hər zaman dost münasibəti bəslədiyim media mənsublarından xahişim budur ki, son 3 ayda xəbər saytlarında yayılan, həqiqətlə heç bir əlaqəsi olmayan, uydurma və absurd məlumatlara həssas yanaşsınlar. Mən həkim, müəllim və millət vəkiliyəm. Bir insan üçün bundan şərəfli iş ola bilməz. Bu adları ləyaqətlə daşımaqdan başqa amalım və hədəfim olmayıb, yoxdur və olmayacaq da.
Tam əminliklə bildirirəm ki, hər zaman dövlətimizin və Prezidentimizin siyasətini uca tutmaqla, xalqımızın sağlamlığının keşiyində durmağı alın yazısı kimi qəbul etmişəm. Gənc yaşlarımdan mənə göstərilən yüksək etimadı hər zaman doğrultmağı özümə borc bilmişəm.
Odur ki, gənc yaşlarımda mənə göstərilən yüksək etimad nəticəsində malik olduğum bu dəyərlərə kölgə salan hər bir sözü, fikri, hərəkəti qətiyyətlə rədd edirəm. İndi bizim üçün müqəddəs sayılan Ramazan ayıdır. Qarşıdan Ramazan bayramı gəlir. Bəri başdan hamını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əmin-amanlıq arzulayıram!”