Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İri, parlaq və bərk çiyələklər təhlükəlidir? (RƏSMİ CAVAB)

  • 2019.05.16 14:38
  • 7397 Baxış
İri, parlaq və bərk çiyələklər təhlükəlidir?  (RƏSMİ CAVAB)
 


Son günlər bazarlarda iriliyi və gözəl görünüşü ilə piştaxtaları bəzəyən, eləcə də vaxtından əvvəl satışa çıxarılan çiyələklərlə bağlı müxtəlif fikirlər səslənir. Hətta bu çiyələkdən zəhərlənənlərin olduğunu bildirənlər də var. Maraqlıdır, həmin çiyələklərin orqanizmə zərəri varmı? Doğrudanmı bu çiyələklər GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) tərkiblidir?


Medicina.az xəbər verir ki, bu barədə Lent.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, xarici ölkələrdən Azərbaycana çoxlu çiyələk növləri gətirilir:


"AİB olaraq bazarda olan məhsulların tərkibində olan nitridlərin miqdarını ölçürük. Yaxın günlərdə də elə monitorinq apararaq, pomidor və çiyələkdə nitridlərin miqdarının normadan ikiqat artıq olduğunu aşkarladıq.


Çiyələyin saxlanma müddətinin çox, görkəminin isə yaxşı olmasına üstünlük verilir. Nəticədə çiyələyin sortu tamamilə dəyişdirilir. Qədim sortları bıçaqla kəsilə, uzun müddət saxlanıla bilən çiyələk sortları əvəzləyir. Bunlar genetik manipulyasiya olunmuş çiyələklərdir ki, onların şitili əsasən İsraildən gətirilir”.


E.Hüseynov qeyd edib ki, həmin çiyələk növləri asanlıqla ayırd edilir:


"Onlar bərk, böyük və möhkəm olurlar. Həmçinin bunlar GMO-lu çiyələklərdir ki, onların tez yetişməsi üçün müxtəlif gübrələr verilir.


Sözügedən çiyələklərdən isə az miqdarda yemək tövsiyə olunur, çünki artıq yeyilsə, fəsadları hiss olunaraq zəhərlənməyə gətirib çıxara bilər”.


Mövzu ilə əlaqədar sualları cavablayan "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə çiyələyin ölkə təsərrüfatına yeni daxil olduğunu deyib:


"Adətən Azərbaycanda çiyələk yetişdirmək ənənəsi olmayıb. Təxminən 10 il əvvəl əsasən Amerikadan hibrid sortlu çiyələklər gətirilib. Hibrid sort o deməkdir ki, yəni, bitkilər çarpazlaşdırılır.


Təxminən 10-15 il əvvəl Amerikadan Virciniya sort çiyələklər ölkəyə gəlib. İqlim şəraitinə görə cənub bölgəsində inkişaf eləməyə başlayıb və respublikanın bir sıra bölgələrinə, xüsusən də şimalda yayılıb. Bunlar hibrid sortu olduğu üçün sənaye üsulu ilə, yəni şitillər vasitəsilə yetişdirilir. Eyni zamanda bunlar yabanı bitki deyil və təbiətdə yetişmir. Bu çiyələklər fevral-mart aylarında əkilir, maydan etibarən isə məhsul verməyə başlayırlar.


Qeyd edim ki, əhalinin gəlir olaraq buna marağı var, həm də bu sahə məşğulluğun yüksəldilməsini təmin edir, çünki çiyələyin 1 ha ərazisində il boyu təxminən 200-ə yaxın insan iş tapa bilir”.


Kənd təsərrüfatı üzrə ekspert qeyd edib ki, çiyələklərin iriliyi, parlaqlığı onun GMO-lu olduğu demək deyil:


"Onlar sadəcə hibrid sortdur. Bu sortdan da bütün dünyada taxılçılıqda da, meyvəçilikdə də və s. istifadə edirlər.


Məsələn, bu gün ölkədə meyvə və giləmeyvələrin əkin sahəsi 196 min ha ərazidir. İllik istehsal isə təxminən 954 min tondur. Bu çox ciddi rəqəmdir.


O ki qaldı çiyələklərin iri, parlaq olmasına, bu hibrid sortu olmaları ilə əlaqədardır. Onların gen modifikasiyasına uğraması barədə hansısa elmi məlumat bizdə yoxdur və ölkədə belə bir laboratoriya da yoxdur ki, biz bitkini aparıb genini yoxladaq.


Bundan başqa ölkəyə gen modifikasiyasına uğramış bitkilərin, tinglərin gətirilməsi qadağandır. Bəzi hallarda isə buna cəhd olunur. Məsələn, bir neçə il əvvəl qarğıdalı toxumları gətirilib əkinə tətbiq edilmişdi. Bu hal sübut olunduqdan sonra əkindən həmin məhsullar çıxarıldı”.


N.Nəsirli əlavə edib ki, hazırda ölkədə bununla bağlı problem yoxdur:


"Çünki həmin sortlar elə ölkələrdən gəlir ki, onlar sənədləşdirmə işləri aparırlar. Danışılanlar isə sadəcə cəmiyyətdə olan əsassız şübhələrdir.


Çiyələklərin tez xarab olmasına səbəb isə faraş şəkildə yetişdirilməsidir. Faraş şəklində müəyyən temperatur yaradılır ki, məhsul vaxtından əvvəl yetişə bilir.


Zəhərlənmə məsələsinə qaldıqda isə çiyələk, qarpız, bostan məhsullarında kəndçilərimiz bilmədən əkinə normadan artıq dərman, gübrə verirlər. Bu isə insanda mədə-bağırsaq pozğunluğuna, eləcə də zəhərlənməyə gətirib çıxara bilir.


Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə iri, yaxşı görünüşlü hansı məhsul olursa, hamı GMO-dan şübhələnir. GMO-lu məhsul ancaq görünüşlə bilinmir, onun mütləq genini yoxlamaq lazımdır. Bəzən elə GMO-ya uğrayan məhsullar da olur ki, onların həcmi kiçik olur və parlaq olmur. Bu səbəbdən də mütləq gen yoxlanmalıdır".