Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranla sərhəddə təcili tibbi yardım maşınları gətirildi

  • 2020.02.24 17:43
  • 2611 Baxış
İranla sərhəddə təcili tibbi yardım maşınları gətirildi
Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı birgə məlumatda deyilir.

Qeyd olunur ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar.

Birgə məlumatda deyilir ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.