Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İrandan gələn Xaçmaz və Quba rayon sakinlərində koronavirus şübhəsi haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Medicina.az xəbər verir ki, hər iki qurumun birgə məlumatında deyilir:
“Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 2 nəfərin yerləşdirilməsi barədə artıq məlumat verilib. Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir.
İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər isə xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib.
Onlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir. Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər.
Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.