İranda yeni növ koronavirusdan ölənlərin sayının 8-ə, ümumi xəstə sayının isə 43-ə çatdığı bildirilir. Virusun sürətlə yayılması səbəbiylə 14 bölgədə məktəb və universitetlər, kinoteatrlar və teatrlar bağlanıb.
BakuPost.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin son açıqlamasına görə, 785 xəstənin 28-də koronavirus aşkarlanıb. Paytaxt Tehranda aptek və supermarketlərdə bütün dezinfeksiya məhsullarının tükəndiyi bildirilir.
İran rəhbərliyi ölkədən və ölkəyə səyahətləri azaltmağa davam edir. Küveyt Hava Yolları ölkəyə uçuşları dayandırdığını bildirib. Azərbaycan və Türkiyədə bir çox sosial şəbəkə istifadəçisi İranla sərhədin bağlanması üçün kampaniya başladıblar.
Digər tərəfdən, koronavirus Cənubi Koreyada sürətlə yayıldığı üçün ölkədə həyəcan səviyyəsi pik həddə çatıb. Ölkədə koronavirusa yoluxanların sayı 556 nəfəri ötüb.
Avropaya yayılır
İtaliyada 100-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. 2 nəfər isə ölüb.
Fransanın səhiyyə naziri bütün ehtimalları nəzərə aldıqlarını və Fransadakı səhiyyə işçilərinin epidemiyaya hazır olduqlarını açıqlayıb.
Koronavirus Çinin Uhan şəhərində vətəndaşların Yeni ili qeyd etmək üçün səyahət etməkləri nəticəsində sürətlə yayılmağa başlamışdı.