"Təəssüf ki, süd vəzi xərçəngi cavanlaşıb. 18-19 yaşında pasiyentlərimiz var"
"Qadın var 7 ildir şişlə gəzir, son anda gəlib deyir, dünən bu şişi tapmışam.
Bu illər ərzində ola bilməz ki, süd vəzisində o şiş hiss olunmasın"
22 ildir mammoloq-onkoloq kimi fəaliyyət göstərən həkim Rəna Abdullayeva medicina.az –a süd vəzi xərçəngində yeni müayinə və müalicə metodlarından danışıb.
- Həkim, son illər süd vəzi şişləri üzrə xəstəliklər statistikası artıb, yoxsa azalıb? Durum ürəkaçandırmı?
- Hazırda əvvəlki illərə nisbətən qadınlar profilaktik baxımdan süd vəzi müayinəsinə çox gəldiyindən və qabaqlayıcı tədbirlər görmək istədiyindən statistik olaraq pasiyentlərin sayında artım var. Sevindirici haldır ki, çox gənc xanımlar hətta süd vəzisində ağrı olmadan belə müayinəyə gəlir. Çünki məhz profilaktikada elə patologiyalar aşkarlayırıq ki, bu, gələcəkdə böyük problemlər yarada bilərdi.
- Mammoqrafiyadan gənc qızların keçməsi doğrudurmu?
- Mammoqrafiya, süd vəzilərinin skriningi 40 yaşından sonra mütləqdir. Bəzi hallarda göstəriş varsa, 35 yaşından sonra da mammoqrafiya edirik. Bu süd vəzinin strukturundan asılıdır. Elə süd vəziləri var ki, USM müayinədə tam görünmür. Hazırda avadanlıqlar rəqəmsaldır, şüalanmanın hər hansı ziyanı minimal dərəcədədir. 35 yaşdan aşağı xanımlara isə USM müayinə olunur.
- Deyilənlərə görə, siz ilkin müayinə zamanı diaqnozu təyin edə bilirsiz.
- Palpasiya ilə ilkin olaraq bəli, çox patologiyaları bilmək olur. Pasiyenti əllə müayinə zamanı 70% diaqnozu bilirəm. Sadəcə, tam təsdiqlənməsi üçün USM-dən keçiririk və özüm də orda iştirak edirəm. Ehtiyac olarsa, biopsiyaya göndərilir.
- Biopsiya sözünü eşidən kimi insan artıq "Xərçəngdir” düşünür. Biopsiyadan bacardıqca az istifadə etmək lazımdır, çünki o şiş hüceyrələrini aqressivləşdirir- fikrini irəli atanlar da var.
- Çox alimlər deyir ki, digər metodlarla diaqnoz qoymaq mümkündürsə, biopsiyaya ehtiyac yoxdur. Mən də nəyinsə xatirinə biopsiya etməyin tərəfdarı deyiləm. Artıq 90% kliniki mənzərə aydındırsa və biopsiya son nöqtəni qoyacaqsa, o zaman qaçılmazdır. Müalicə taktikası üçün biopsiya vacibdir. Mən əmin olduğum xəstəni biopsiya edirəm və fikrimdə də yanılmıram. Törəmənin nə qədər aqressiv olub-olmamasını və gələcəkdə hansı müalicə, hansı əməliyyatın seçilməsini yalnız biopsiya dəqiqləşdirir. Xarici ölkələrdə tək onkologiyada yox, digər xəstəliklərdə digər orqanlardan da biopsiya götürülür. Biopsiya çox populyardır, buna çox rahat yanaşırlar. Amma bizdə bir "biopsiya xofu” var. Biopsiyada iynə düzgün nöqtəyə düşməlidir. Bəzən xəstələr olub ki, biopsiya olunub, amma xərçəng təsdiqlənməyib. Halbuki mən görürəm ki, orda törəmə var. Ona görə USM də özümün iştirakı ilə törəmənin yeri incələnir ki, pasiyentə əziyyət verməyək. Sağlam toxumalardan material götürmək heç bir nəticə vermir.
- Ən gənc pasiyentimiz neçə yaşındadır?
- Olub ki, 40 günlük uşağı da gətiriblər. Bəzən yeni doğulmuşlarda süd vəzisi nahiyəsində şişkinlik ola bilir. Analar narahat olur. Ananın estrogen hormonu ciftlə dölə keçir, uşaq doğulandan sonra hormon çatmamazlığına süd vəzi reaksiya verir. Düzdü baxıram, amma ona müalicə lazım deyil. Və qəti sıxmaq olmaz. Sadəcə, nəzarət edirik, özü keçib gedir. Ən gənc pasiyentim 9 yaşında qız idi, süd vəzisində kista yaranmışdı.
- Süd vəzi xərçəngi olan və ya artıq sağalan qadınlar sonradan hamilə qalıb ana ola bilərmi?
- Açığı buna ehtiyatla yanaşmaq lazımdır. Çünki cavan qadınlarda əksər hallarda şişlər aqressiv olur. 5 ildən sonra proqressivləşməsə, metastaz verməsə, hamilə qalmaq barədə düşünmək olar. Avropada, Türkiyədə belə faktlar olub. Amma çox hallarda hamilə qalandan sonra xəstəlik yenidən baş qaldırır. Öz sağlamlıqlarını təhlükəyə atmaq, sonradan anasız uşaq böyüməsi də düzgün deyil. Pasiyentlər var ki, həkiminə demədən bilə-bilə hamilə qalırlar, uşaq sağlam doğula bilər, amma anada xəstəlik residivləşir. Və yenidən ağır müalicələrə başlanılır.
- Azərbaycanda süd vəzi xərçənginə yoluxmada hansı qadınlar yüksək risk altındadır?
- Birinci növbədə dünya statistitikasına görə, 35 yaşına qədər ailə qurmayan qadınlar, ailə qurub ana olmayan qadınlar və ya uşağı olsa da süd verməyən qadınlar süd vəzi problemlərinə - istər xoşxassəli, istər bədxassəli törəmələrə çox həssasdırlar və risk qrupuna daxildirlər. Bu qadınlar ildə 2 dəfə mammoloq qəbulunda olmalıdırlar. Ana olan qadınlar azı 5-6 ay körpəni əmizdirməlidirlər. Gənc analar südverməkdən imtina etməsinlər. 2-ci yerdə genetik amillər gəlir. Nəsildə nənə, ana, xalada süd vəzi xərçəngi olubsa, digər qadın ailə üzvləri və yaxın qohumlarda risk var. Mənim pasiyentlərim var ki, həm nənə, həm ana, həm nəvə müşahidə altındadır. Hazırda müasir qan analizləri ilö genlərin mutasiyasını yoxlamaq mümkündür. Əgər bu aşkar olunsa, həmin xanımlara süd vəzini illər öncədən əməliyyat etdirməyi məsləhət görürük. Bu, həmin qadının sağlamlığı üçün vacibdir.
- Mastopatiya xəstəlik deyil, müalicəsi də yoxdur. Amma bizdə mastopatiyadan müalicə alanlar, hormonal dərmanlar qəbul edən pasiyentlər var. Siz də mastopatiyanı müalicə edirsiz?
- Mastopatiya xəstəlik deyil, dishormonal dəyişiklikdir, patoloji nəsə əmələ gəlmir. Hormonal fonun aktivliyinə mesntruasiya öncəsi süd vəzilərinin normal reaksiyasıdır. Çox vaxt türk həkimləri bizə də irad tutur ki, bu diaqnoz dünyada yoxdur, amma sizin ölkədə qoyulur. Bu sovet dönəmindən qalma termindir. Bizdə qadınları o ağrıdan, diskomfortdan xilas etmək üçün bitkitərkibli yüngülləşdirici müalicə yazılır. Ağrının səbəbi araşdırılmalıdır. Xaricdə, Türkiyədə qadın mastopatiya səbəbindən ağrı ilə gələrsə, həkim ona heç nə yazmayıb evə göndərir. Patologiya yoxdursa, müdaxilə, müalicə olmur. Türkiyədə mastopatiyaya "sinir ağrısıdır” deyib keçirlər. Mikro kistlərə, mikro fibroadenomalara belə əhəmiyyət vermirlər. Bizdə pasiyentlər də tələbkardır, narahatdır. Müalicə yazmasan narahat olurlar. Xırda kist varsa təşvişə düşür, başa salırıq, yenə razı qalmır. Belə hallarda müalicə boş vaxt və pul itkisidir. Menstruasiyadan öncə kist var, sonra yox olur, stres keçirirsən yaranır, bir neçə ay sonra yox olur. Nazik divarlı kistaları isə aspirasiya edirik vəssalam.
- Xərçəng də gəncləşən xəstəliklərdəndir. Gənc pasiyentlərinizdən olubmu ki, artıq gecikmiş vəziyyətdə gəlib və buna təəssüflənmisiz?
- Olub. 19 yaşında qızda sarkoma diaqnozu qoyduq. Sarkoma daha aqressiv şişdir və gənclərdə daha çox rast gəlinir. Birləşdirici toxumanın bədxassəli şişidir. Sürətlə yayılır, müalicəsi çətindir. Bu pasiyenti İranda əməliyyat etdilər, səhv müalicə ilə çox yubatdılar. Yazıq pasiyent yollarda qaldı. Tək düyünü çıxardılar, amma ətraf toxumalarda yayılma başlamışdı. 3-4 il əvvəl insanlarımızı İran xəstəxanalarında maklerlər çox çaşdırdı. Orda olunan əməliyyatlara baxıb dəhşətə gəlirdik. Əməliyyata uyğun olmayan xəstəni əməliyyat ediblər. Azərbaycanlı həkimlərə inanmayanlar uduzdu ki, udmadı. O pasiyent 1 il ərzində həyatını itirdi. Bir neçə müddət sonra onun anasında da şiş tapıldı. O da Sarkoma şiş idi. Ona görə valideynlər qızlarına qarşı çox diqqətli olmalıdır. Yeniyetmə yaşlarından qız uşaqları nəzarətdə olmalıdır. 12 yaşında qızın süd vəzisində 10 sm-lik fibroadenoma var idi. Uşaq nə bilsin? Elə bilir süd vəzidi böyüyür, ya anaya deyirsə, ana "keçib gedəcək, böyüyürsən” deməsin. Baxsın, gətirsin həkimə, yoxlansın, getsin.
- Süd vəzi bədxassəli şişinin müalicəsi və əməliyyatından sonra tam sağalan və sonradan çox ömür sürən pasiyentləriniz varmı?
- Əlbəttə, çoxdur. Xəstəm var ki, 25 ildir yaşayır, 10-15 il yaşayanlar var, xəstəm olub ki, süd vəzi xərçəngindən müalicə olunub, amma tam başqa səbəbdən vəfat edib. Sağalan pasiyentlər ildən–ilə artır. Azərbaycanda onkoloji struktur çox yaxşı inkişaf edir. Müayinə olunmayan xəstəlik yoxdur. Yeni metodlar var, yeni cərrahlar yetişib. Rayonlarda da imkanlar var. Sadəcə hər şey pasiyentin ayıqlığından asılıdır. Müasir, gənc, internetdə çox olanlar gözüaçıqdır, oxuyur, gəlir, müayinə olur. Bir qədər orta yaşlı və yaşlı xanımlarda gecikmiş formalar olur.
- Azərbaycan qadınlarına bir onkoloq kimi nə məsləhətlər verərdiniz?...
- Azərbaycan qadınlarının ən mənfi cəhəti: sağlamlıqlarına, ümumiyətlə özlərinə qarşı çox laqeyd olmasıdır. Filankəsin toyunu yola verim, yası yola verim, uşaq böyüsün, ailə, ev- hamının dərdinin ardıyca qaçıb, özlərini unudurlar. Qadın var 7 ildir şişlə gəzir, son anda gəlib, deyir dünən bu şişi tapmışam. Bu illər ərzində ola bilməz ki, süd vəzisində o ölçüdə düyün hiss olunmasın. 1 günə o boyda şiş böyümür axı. Sadəcə boş verib, yubadıb və qiymətli vaxtı əldən verib. Vaxtında süd vəzi şişini təyin etmək süd vəzini itirməmək deməkdir. Vaxtında müalicə olunmaq metastazın qarşısını almaq deməkdir. Övladlarınızı düşünürsüzsə, özünüzü də düşünün. Çünki süd vəzi xərçəngi diaqnozu qoyulan qadının ailəsi də stres yaşayır, onlar da əziyyət çəkir. Heç olmasa ildə 1 dəfə mammoloq müayinəsindən keçin. İndi süd vəzi xərçənginə qalib gəlmək şansı daha çoxdur.
Aygün Musayeva
Medicina