Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İranda dedilər, Bakıdakı diaqnoz da, müalicə də səhv olub” – Leykozlu uşağın ailəsindən İTTİHAMLAR

  • 2019.07.30 18:00
  • 124245 Baxış
“İranda dedilər, Bakıdakı diaqnoz da, müalicə də səhv olub”  –  Leykozlu uşağın ailəsindən İTTİHAMLAR

Müalicəyə 5000 manat xərcimiz çıxdı: onu al, bunu al. Fond üçün pul yığırdılar, guya, nəsə düzəldirlər. Həkimlərə ayda 100 manat pul verirdik. 


13 yaşlı Aydan Çələbiyeva bir ildir  B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya institutunun uşaq leykemiya şöbəsində müalicə olunub. 


İlk olaraq ona leykemiyanın L – limfoblast tipi diaqnozu qoyulub və müalicə sxemi də buna uyğun seçilib. 


Medicina.az xəbər verir ki, sonuncu dəfə xəstəlik şiddətlənəndə uşağı yenidən instituta yerləşdiriblər. Ailə xəstəyə ancaq sistem olunduğunu, yaxşı baxılmadığını, həkimlərin dəqiq bir söz demədiyini,  normal müalicə istəyinə isə aqressiv münasibət göstərildiyini və uşağın vəziyyətinin ağırlaşdığını görüb. Bundan sonra son çarə olaraq xəstəni İrana aparıblar. İranda isə ailə həyatının şokunu yaşayıb.


"Burda həkimlər analiz edib, Aydana səhv variant qoyulduğunu dedilər. Qızımız "L” yox, "M” myoblast leykoz imiş. "M” daha ağır, kəskin formadır və ilik transplanyasiyası ilə müalicə olur.

Limfoblast leykoza görə aldığı o qədər kimya, dərman da səhv imiş. 


Həkim soruşdu ki, xəstəlik 4 dəfə qayıdıb. Biz dedik yox, 1 dəfə. Çünki bizə hematologiyada Rəna və Mireldar həkim belə demişdi. İranlı həkim və laboratoriya həkimləri institutun analizlərinə baxıb dedilər ki, laboratoriya da elə "M” göstərib, amma nəticəni həkimlər düzgün çıxara bilməyiblər. Əslində, diqqət etsəydilər, "M” olduğunu görərdilər”.


Hazırda İranda ağır vəziyyətdə olan Aydanın müalicəsinin effektli olub-olmayacağı barədə dəqiq bir şey deyilmir. Çünki uşaq çox gecikib. 

Aydanın bibisi Solmaz Çələbiyeva  məsələnin ictimailəşdirilməsini istəyir. Ailə qayıdan kimi həkimlərdən rəsmi şikayətlər edəcək. 


"Biz həkimlərdən narazıyıq və şəxsən şikayətçiyik.  Müalicəyə 5000 manat xərcimiz çıxdı: onu al, bunu al. Fond üçün pul yığırdılar, guya, nəsə düzəldirlər. 


Bizim günahımız nədir ki, uşaqların başına bu oyunu açırlar? Gəlmişik İrana. Burda da 500 manatımız gedib. Həkim deyir, çalışırıq, bir az reaksiyası olsun ki, xəstəxanaya qoyaq. Bundan sonra nə qədər burda qalmalıyıq. Haram xoşları olsun Hematologiya İnstitutunda xərclədiklərimiz. Bir var doğru müalicə ola, can yandıralar, elə həkimə can qurban, bir də var səni ələ salalar. Bu qədər pul xərcləyir valideynlər, nəticəsi yox, heç o pulların çeki də verilmir. 

 

İnstitutun baş həkimi Zöhrə xanıma da şikayət etmişəm. Elə yalandan gəlib sistemin şlanqını o yan, bu yan edib gedirlər. Rəhbərlik şikayətlərə baxmır”.

 

 

 

 


 

 

 Məsələ ilə bağlı tanınmış professor, B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya institutunun uşaq şöbəsinin rəhbəri Mireldar Babayevlə əlaqə saxladıq. Professor xəstəni xatırladı, lakin deyilənlərlə razılaşmadı: 


"Birincisi hər deyilən sözü fakt deyil. Hərə ağlına gələni deyir. Bunun laboratoriyası var, analizi var. Biz havadan diaqnoz qoymuruq. O ailəyə İranda verilən informasiya səhvdir. 


Diaqnoz bir günə qoyulmur. Bir yox, bir neçə müxtəlif laboratoriyanın cavabına baxırıq, təhlil edirik. Hematologiya institutu mənim özəl klinikam deyil ki, deyim ola bilər kimsə səhv edib. 


Mən neçə ilin professoruyam, illərlə diaqnozumuz düz çıxıb, hətta xaricdə də bizim diaqnozlar təsdiqlənib. Bir yox, bir neçə analiz cavablarını üst-üstə qoyub tutuşdurub nəticəyə gəlirik. İndi hərə o ailəyə bir söz deyəcək, inanacaqlar”.


Professor bildirdi ki,  uşaq İrandan qayıtdıqda təkrar müayinələr, analizlər aparıla bilər, bu, artıq  birbaşa xəstəxanada ailə ilə müzakirə olunub qərar verilməli məsələlərdir. Əgər istəyirlərsə, biz öz diaqnozumuzu bir daha sübut edərik.


Aydan Çələbiyeva hazırda İranda ağır durumdadır. Ailənin maddi vəsaiti isə tükənir. Valideynlər qürbət ölkədə xəstəxana xərclərini qarşılamaq üçün Azərbaycandakı xeyirsevər imkanlı şəxslərdən yardım gözləyir.


Əlaqə və yardım üçün tel:

055 813 53 84
“İranda dedilər, Bakıdakı diaqnoz da, müalicə də səhv olub”  –  Leykozlu uşağın ailəsindən İTTİHAMLAR