İranda korona virusundan ölənlərin sayı 4 min, yoluxanların sayı isə 62 min nəfəri keçib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katıbi Kiyanuş Cahanpur məlumat verib.
O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alan 30 mindən çox adam isə sağalaraq evə buraxılıb.
8 apreldə İran Məclisi öz fəaliyyətini bərpa edib. Parlamentin spikeri Əli Laricani və 31 deputatın korona virusuna yoluxaraq müalicədə olmalarına baxmayaraq iclas keçirilib.
Yığıncaqda deputatlar hökumətin karantin müddətinin uzadılması haqqında qanun layihəsini müzakirə ediblər. Qanun layihəsini Əbdülkərim Hüseynzadə təqdim edərək karantinin uzadılmasının vacibliyini bildirib. Lakin millət vəkilləri qanunun qəbul edilməsinin əleyhinə səs veriblər.
Deputat Şahmehr Kazımzadə isə mövzu ilə bağlı deyib: “İş yerlərinin bağlanmasına və iqtisadiyyata güclü zərbə vuran karantin müddəti uzadılsa, ölkə iqtisadiyyatı tamamilə çökər”.
Müzakirələr zamanı bəzi millət vəkilləri hökuməti tənqid edərək korona virusunun yayılmasına çox gec reaksiya verildiyini və bu səbəbdən virusun ölkənin bütün vilayətlərini əhatə etdiyini bildiriblər.