Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İradə Gülməmmədovanın klinikasından ŞİKAYƏT: “Nəfəs ala bilmirəm”

  • 2023.11.13 11:19
  • 6666 Baxış
İradə Gülməmmədovanın klinikasından ŞİKAYƏT:  “Nəfəs ala bilmirəm”
Vətən müharibəsi iştirakçısı Ümid Kərimli “Vimay” klinikasından şikayətçidir.


Ü. Kərimli “Unikal”a müraciətində bildirib ki, adıçəkilən klinikada əməliyyat olunduqdan sonra nəfəs almasında ciddi çətinlik yaranıb:


“Bu ilin iyul ayında “TikTok” sosial şəbəkəsində “Vimay” klinikasında çalışan lor cərrah dr. Şəhla Həsənovanı gördüm və onun qəbuluna yazıldım. Şəhla xanımın qəbulunda olanda ona bildirdim ki, mənim burnum 2 dəfə əməliyyat edilib, amma uğursuz alınıb. Həkimdən soruşdum ki, sizin etdiyiniz əməliyyat uğurlu alınacaqmı? Mənə bildirdilər ki, çəpər əyriliyi tam düzələcək. Nəfəs almaqda isə ümumiyyətlə problem olmayacaq.


1550 manat ödəniş etdim və Şəhla Həsənova burnumu əməliyyat etdi. Əməliyyatdan 4 ay keçməsinə baxmayaraq, burnumun xarici görünüşündə olan əyrilik düzəlməyib. Ən vacib məqam isə ondan ibarətdir ki, həmin əməliyyatdan sonra nəfəs almağımda ciddi problem yaranıb. Hazırda demək olar ki, nəfəs ala bilmirəm.

Bu problem barədə həkimə yenidən müraciət etdim və mənə çox gülməli cavab verdilər. Bildirdilər ki, nəfəs almağım hələ 1-2 il ərzində düzələcək. Məcburiyyət qarşısında qalaraq başqa həkimlərə getdim və onlar mənə bu əməliyyatın uğursuz olduğunu dedilər.

Hazırda Şəhla Həsənovanın özü ilə əlaqə saxlaya bilmirəm. Əməliyyat edib pulu alıblar, indi də məni önəmsəmirlər.

Əməliyyatdan sonra yaranan nəfəs ala bilməmək problemi səhhətimdə digər narahatlıqların da yaranmasına gətirib çıxarıb. Belə ki, hazırda təngnəfəslik, xoruldama, yuxusuzluq və digər problemlərdən əziyyət çəkirəm. Mən əməliyyatdan əvvəl bundan çox daha yaxşı nəfəs alırdım”, - deyə o söyləyib.

Qeyd edək ki, Ümid Kərimli Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Xatırladaq ki, veteran Ümid Kərimlinin şikayətçi olduğu “Vimay” klinikası Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovaya məxsusdur. İ. Gülməmmədova 2022-ci ilin yanvar ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.



İradə Gülməmmədovanın klinikasından ŞİKAYƏT:  “Nəfəs ala bilmirəm”