Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İntihara cəhd edənlərin sonrakı taleyi - nəzarət və kömək varmı? - ARAŞDIRMA

  • 2017.09.12 11:30
  • 16205 Baxış
İntihara cəhd edənlərin sonrakı taleyi - nəzarət və kömək varmı? -  ARAŞDIRMA
Son illərdə Azərbaycanda intihar edənlərin, eyni zamanda özünü öldürməyə cəhd göstərənlərin sayının artdığı iddia olunur. Bəs özünü öldürmək istəyərkən xilas olunan insanların sonrakı taleyi necə olur?  Ölümün kandarından xilas olub qayıdan bu adamları qoyub qaçmaq isədikləri həyat yenidən qəbul edirmi? Dövlət həmin şəxslərin reabilitasiya prosesi üçün hansı şərait yaradıb, bu prosesə hansı qurumlar nəzarət edir?

 

Medicine.az Report.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova bildirib ki, "Psixiatriya yardımı haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında” və "Sosial xidmətlər haqqında" qanunlara əsasən, dövlət intihara cəhd edən, özünü öldürmə həddinə çatdırılan insanlara müəyyən təminatlar verir. Onun sözlərinə görə, Dövlət Komitəsinin nəzdində Monitorinq Qrupu fəaliyyət göstərir: "Dövlət Komitəsinə müraciət daxil olduqda Monitorinq Qrupu nəzarətə götürür, xüsusilə isə məişət zorakılığı ilə bağlı məsələləri... Qrupun tərkibində bütün aidiyyəti orqanların nümayəndələri təmsil olunur. Dövlət Komitəsində Monitorinq Qrupunun yaradılmasında məqsəd dövlət orqanlarının əlaqəli, operativ şəkildə zərərçəkənlərə lazımi yardımlar göstərməsidir. Ola bilsin rayonlarda bu məsələdə bir qədər çətinliklər var”.

Şöbə müdiri qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları da fəaliyyət göstərir.


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib ki, intihara cəhd edən insanların sonrakı dövrdə reabilitasiya məsələsi ilə bağlı qanunvericilikdə boşluq var: "Yəni bununla bağlı ayrıca qanun yoxdur. Eyni zamanda, indiyə qədər qəbul olunan qanunlarda bununla bağlı xüsusi müddəa nəzərdə tutulmayıb”.


Deputat "Qanunvericilikdə intihara cəhd edən insanların reabilitasiya ilə bağlı hər hansı dəyişiklik ola bilərmi?” sualına cavab olaraq bildirib ki, bu məsələnin gündəmə gətirilməsi vacibdir: "Bununla bağlı ayrıca qanun qəbul etmək də mümkündür. Milli Məclisin Səhiyyə Komitəsi məsələni həll edə bilər”.


F.Mustafanın sözlərinə görə, intihara cəhd edən insanların sonrakı reabilitasiyası onların özlərindən asılı məsələdir: "Bu məsələyə səhiyyə sistemində xüsusi diqqət yetirmək lazımdır, yəni bu, psixoloji amillərlə bağlı məsələdir. Cəmiyyətdə sosial reabilitasiya məsələsini müvafiq qurumlar, icra hakimiyyətləri nəzarətə götürməlidirlər. İntihar da bir xəstəlik növü kimi götürülür, tək dövlət deyil, cəmiyyət də buna qarşı həssas olmalıdır, onu nəzarətdə saxlamalıdır”.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, 2015-ci ildə səhiyyə nazir Oqtay Şirəliyev Azərbaycanda tibb müəssisələrində klinik psixoloqların fəaliyyəti ilə bağlı əmr imzalayıb: "Həmin əmrdə kliniki psixoloq ştatının açılmalı olduğu səhiyyə müəssisələrinin siyahısı verilib. Bundan sonra kliniki psixoloq vakant yeri üçün müsabiqə elan edildi. Hazırda 18 səhiyyə müəssisəsində kliniki psixoloq ştatı açılıb”.



Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyində gənclərə mütəxəssislər tərəfindən anonim psixo-sosial dəstək göstərilməsi məqsədi ilə "Krizis telefon xətti” bərpa edilib: "Artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər. Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Qeyd edək ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər, onların arasında da gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə aludəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s. yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənclər tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər. Məsələn, başqasına və özünəqəsd, psixoaktiv maddələrdən istifadə və s. buna şamil edilər”.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bildirib ki, intihara cəhd edən adamların xilas edilməsi ilə bağlı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qrupları "112-Qaynar xətti”nə məlumat daxil olan kimi qeyd olunan ünvana gedirlər: "Nazirliyin bu xidmətində həm qadın, həm də kişi psixoloqlar işləyir. Psixoloqlarımız intihara cəhd edən insanlarla yerində söhbət aparırlar, onlara psixoloji yardım göstərməyə çalışırlar”.


Onun sözlərinə görə, Azərbaycanda son illərdə intihara cəhd hadisələri zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən onlarla insan xilas edilib: "Onlarla müvafiq söhbətlər aparılıb. Həmin şəxslər xilas edildikdən sonra Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilir. Sonrakı mərhələ ilə isə daxili işlər orqanları məşğul olur”



Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov bildirib ki, Azərbaycanda intihar edən və ya buna cəhd göstərən insanların sayının çoxaldığını demək yalnışdır: "Son zamanlar bəzi mətbu orqanları intiharların çoxaldığını, ölkədə intihar epidemiyasının yayıldığını iddia edir, amma realda belə bir şey yoxdur. Bizdə bununla bağlı olan statistik rəqəmlərə görə 100 min nəfərə 5 intihar düşür. Bu göstəricini başqa ölkələrlə müqayisə edəndə qat-qat azdır. Təbii ki, bir nəfər də intihar etsə, bu, ciddi məsələdir, amma artımın olması yanlış məlumatdır”.


Direktor vurğulayıb ki, intihara cəhd edən insanlar ya Psixi Sağlamlıq Mərkəzinə, ya da başqa xidmətlərə müraciət edəndə onlara ilk olaraq psixoloji yardım göstərilir: "Demək olar ki, bizə hər gün intihara cəhd edən insanlar müraciət edir. Bəzilərinə ambulator şəkildə yardım göstəririk, bəzilərinə isə müalicə təyin olunur, xəstəxanaya yönləndiririk. Bizim qanunvericiliyə əsasən, intihara cəhd edib sonradan yardımdan imtina edən şəxslərə məcburi şəkildə yardım göstərilə bilər. Bu barədə "Psixiatriya yardımı haqqında” qanunun 11-ci maddəsində qeyd olunub, həmin maddədə hansı hallarda insanlara məcburi yardım oluna biləcəyi geniş izah olunub”.


F.İsmayılovun sözlərinə görə, Psixi Sağlamlıq Mərkəzində xidmət tamamilə ödənişsizdir: "Amma bu yaxınlarda ölkədə sığorta sistemi həyata keçiriləcək, bizim üçün çox vacibdir ki, psixatrik yardım da sığorta modelində nəzərdə tutulsun. Çünki bəzi şəxslərə psixoterapiya aparmaq lazımdır, bu isə uzun prosesdir. Avropa ölkələrində bu sistem var”.


O bildirib ki, Azərbaycanda intihara cəhd edən insanların qeydiyyatı sistemi yoxdur: "Bu məsələ konstitusiyaya da ziddir. Ümumiyyətlə, psixi xəstələrin qeydiyyatı aparılmır, onlar cinayətkar deyil. Belə ki, intihara cəhd edən şəxslər mərkəzə könüllü müraciət edə bilər, biz onların müraciətini anonim qəbul edirik. Onların heç bir sənədini tələb etmirik. Amma bəzi şəxslər özəri xahiş edir ki, ona tibbi kart açılsın və qeydiyyata salınsın”.


Direktor həmçinin qeyd edib ki, mərkəzin "İnam” qaynar xətti – 012 566 50 61 fəaliyyət göstərir: "Bu, dövlət qaynar xəttidir. İntihara cəhd etmək istəyən, depressiv vəziyyətdə olan insanlar ödənişsiz olan və anonimliyin qorunduğu bu xidmətə müraciət edə bilərlər".



F.İsmayılov deyib ki, səhiyyə müəssisələrində işləyən kliniki psixoloqlar Psixi Sağlamlıq Mərkəzində bir aylıq təcrübə keçirlər: "Kliniki psixoloqların işi psixoloji problemləri aşkarlamaq və araşdırmaq, test vasitəsilə diaqnostika aparmaq, psixoloji konsultasiya keçirməkdir. Növbəti mərhələdə intihara cəhd edən şəxslərə psixoterapiya göstərilir. Psixoterapiyaya böhrana müdaxilə aiddir. Problemdən asılı olaraq kliniki psixoloqlar pasientləri nəzarətdə saxlayırlar. Psixoloqlar dərman müalicəsinə ehtiyac olanda psixiatrlara müraiət edirlər”. 


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova  bildirib ki, Dövlət Komitəsi icraedici orqan olduğundan intihara cəhd, intihar, özünüöldürmə halına çatdırma kimi hallarla bağlı məlumatlar daxil olanda hər hansı xidmət göstərmir, müvafiq qurumlara yönləndirir: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin 10-u regionda, 1-i Bakıda yerləşir. Mərkəzlərimizin əməkdaşları qeyd olunan problemi yaşayan ailələrlə psixoloji-sosial iş aparır”.


Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir, həmin şəxslər və ailələri ilə psixoloji-sosial iş aparılmalıdır: "Bu tədbirlərin başlanması üçün isə hadisənin səbəbləri araşdırılmalıdır. İnsanlar intihara müxtəlif səbəblərdən əl atırlar: müəyyən yaşantılardan yaxa qurtarmaq, ailədaxili problem, ətrafının diqqətini çəkmək, kimdəsə mərhəmət hissi oyatmaq, kimdənsə qisas almaq, öz dediyini sübut etmək üçün və ya şəxsi həyatında problem yarananda, sosial və mənəvi dəstəyə ehtiyacı olduğu, ancaq onu ala bilmədiyi təqdirdə... İntihara cəhd edən adamlar həyatında tutunacaq yer olmayanda daha da cəsarətlənirlər”.


O, Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı intihar hadisələrini nəzarətə götürdüyünü deyib: "Məişət zorakılığı məlumat bankı komitənin nəzarətindədir. Bəzən məişət zoraklığı zamanı ailə üzvləri, uşaqlar intihar hadisəsinin şahidi olurlar”.


Z.Sadıqova qeyd edib ki, intihar hadisələrinin araşdırılması üçün Ailə Psixoloqu İnstitutunun yaradılması vacibdir: "Ailə Psixoloqu İnstitutu olsaydı, bu kimi halların bir az yüngülləşməsi üçün həm bu məsələlər araşdırılar, həm də insanlara peşəkar səviyyədə xidmət göstərilə bilərdi”.