Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İntihar etmiş pediatrın videomüsahibəsi - "Uşaq orqanizmi yaz, yay aylarında möhkəmlənməlidir"

  • 2024.04.24 16:11
  • 2189 Baxış
İntihar etmiş pediatrın videomüsahibəsi  -   "Uşaq orqanizmi yaz, yay aylarında möhkəmlənməlidir"
Xəbər verdiyimiz kimi Tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru olmuş pediatr Nəsib Quliyev bu gün 73 yaşında özünə qəsd edib.


"Medicina" professorun saytımıza verdiyi müsahibədən bəzi hissələri təqdim edirik.





- Nəsib doktor, Azərbaycanda \valideynlərin peyvənd prosesinə münasibəti necədir?


- Bütövlükdə əhalimizin peyvəndə münasibəti çox yaxşıdır. Ona görə də mən Azərbaycanın bütün vətəndaşlarına, valideynlərinə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çünki dünyanın elə ölkələri var ki, orada dini qurumlar, dini axınlar, qruplar peyvəndə qarşı çıxırlar. Əslində, hər kəs bilməlidir ki, peyvənd 14 əsrdir ki, mövcuddur. İlk dəfə 7-ci əsrdə peyvənd Hindistanda, Çində, o cümlədən türklər tərəfindən Orta Asiyada tətbiq olunmağa başlayıb. Düzdür, peyvəndi 1799-cu il - Edurad Çernerin adı ilə bağlayırlar. Amma təsəvvür edin ki, bundan nə qədər öncə peyvənd mövcud olub. Maraqlısı da budur ki, elmin, texnikanın, təbabətin inkişafının bu səviyyəsində də bu gün peyvəndin alternativ üsulu yoxdur.


Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır və peyvəndin əhatə dairəsi 95-97 faiz həddindədir. Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricinin 80 faizdən yuxarı olmasını istəyir. Ancaq ölkəmizdə bu göstərici 95 faizdən də yuxarıdır. Amma bu gün az faiz də olsa, bəzi valideynlər, jurnalistlər, hətta bəzi tibb işçiləri var ki, peyvəndə yanaşmada səhvlərə yol verirlər. Onların mövqeyi tam deyil, məsələni bütöv dərk etmirlər. Ona görə mən onlara da müraciət edirəm ki, peyvəndə alternativ olmadığını nəzərə alaraq, hər kəs dəstək versin.


2015-ci ildə Azərbaycan həm qızılca, həm də qızılca məxmərəyinin qarşısını almağa görə Avropada 10 inkişaf etmiş ölkə sırasına çıxdı. Bu nəyin hesabına oldu? Ancaq peyvəndə əhatənin hesabına mümkün oldu. Yaşlı nəslin nümayəndələri bilirlər ki, biz difteriya, qızılca və polimeritdən nə qədər uşaqlarımızı itirirdik. İndi bunlar məhz peyvəndin nəticəsində aradan qaldırılıb. Çox şükürlər olsun ki, bu gün bütün peyvənd materialları Azərbaycan dövləti tərəfindən alınır, bütün əhaliyə də pulsuz paylanır. Uşaqların peyvəndlənməsi dövlət tibb müəssisələrində pulsuz həyata keçirilir. Özəl tibb müəssisələri də var ki, bu işə dəstək məqsədi ilə peyvənd həyata keçirir, kimin arzusu var, uşaqlarını özəl tibb müəssisələrində peyvənd etdirir, pulun ödəyir. Amma dövlət uşaq sayına müvafiq olaraq hər il vaksin materiallarını alır, pulsuz peyvənd həyata keçirilir. Bu fürsətdən də hər kəs istifadə etməlidir. Hər valideyn bilməlidir ki, bu gün peyvənd qədər uşaqların sağlamlığının qorunmasına təsirli olan digər tibbi üsul, yaxud metod mövcud deyil.


ABŞ-da XX əsrdə tibbin zəfərinin nədən ibarət olması ilə bağlı bir tədqiqat aparılıb. Antibiotiklər, cərrahi əməliyyatlar, kardioloji xidməti və digərlərini obrazlı desək, tərəziyə qoyaraq tutuşdurublar. Sonda məlum olub ki, XX əsrin tibdə zəfəri məhz peyvəndin tətbiqidir. Sübut etdilər ki, peyvənd yolu hər il ən azı 3 milyon uşağın həyatı xilas edilir. Tədqiqatda bir sual da qoymuşdular ki, görəsən, peyvənddən daha effektiv nə ola bilər? Araşdırma nəticəsində maraqlı bir nəticəyə gəlmişdilər ki, əgər Yer kürəsində yaşayan bütün insanlar ancaq təmiz sudan istifadə etsələr, onun effekti peyvəndi üstələyə bilər. Ona görə də peyvəndi bəyənməməyin özünü mən normal hal kimi qəbul edə bilmirəm.



- Təcrübədə peyvəndin kənar, zərərli təsirlərinə rast gəlinibmi?


- Bu gün peyvəndin hazırlanma texnologiyası o qədər təkmilləşib ki, bu gün demək olar ki, peyvəndə əks-göstəriş yoxdur. Yalnız iki xəstəlik zamanı uşaqlara peyvəndin vurulmamalıdır. Bunlardan biri İİV/QİÇS-ə yoluxmuş, digəri ağır onkoloji xəstə uşaqlardır. Digər heç bir xəstəlik peyvəndə qarşı əks-göstəriş sayılmır.


- Nevroloji problemləri olan uşaqlara necə, peyvənd vurula bilər? Çünki belə uşaqlara peyvənd vurulan zaman autizm və digər xəstəliklərin yarandığı barədə fikirlər səslənir.


- Nevroloji problemlər peyvəndə əks-göstəriş sayılmır. Nevroloji problemləri olan uşaqlar müalicə fonunda həm də xəstəliklərdən qorunmaq üçün peyvənd olunurlar.

- Yeri gəlmişkən, özəl klinikalarla dövlət xəstəxanalarında vurulan peyvəndlərin tərkibi fərqlənmir ki?


- Peyvəndlərin tərkibi eynidir. Bu gün peyvənd üçün vaksinlər hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı onun keyfiyyətinə, tərkibinə xüsusi nəzarət edir. Ona görə də vaksinlərin istehsal edildiyi ölkədən asılı olaraq keyfiyyətinin fərqləndiyi barədə mülahizələr də tamamilə yanlışdır.


Amma dövlət bunu pulsuz həyata keçirir, özəl xəstəxanalar isə bunu 10-15 dəfə baha edir. Özəl xəstəxanalar vaksini 10-20 ədəd alır. Dövlət isə bu vaksinləri istehsalçı ilə öncədən bağladığı müqavilə əsasında əhalinin tələbatına uyğun olaraq məsələn, 2 milyon doza alır. Dövlət bunu topdansatış qiymətinə alır və müqavilədə öncədən qiymət göstərildiyi üçün qiymətə dəyişiklik etmək mümkün deyil. Həm də dövlət peyvəndi bir dozalıq almır. Məsələn, 10, 20 dozalıq bir flakonda alır. Yəni qablaşdırmaya gedən pul da bu halda xərcdən çıxır. Nə zaman ki, vaksinin hər dozası bir şprisə yığılır, bu, qiymətə təsir edir. Özəl xəstəxanalar da bir dozalıq alır, çünki özəl xəstəxanaya uşaqlar çox gəlmir, çox halda bir uşaq gəlir. Əgər 10 dozalıq bir flakon açsalar, onu işlətməlidirlər. Bir uşaq olduğu üçün 9 dozanı atmalıdırlar. Ona görə də özəl xəstəxanalar vaksinləri topdansatış deyil, pərakəndə satış qiyməti ilə alırlar. Peyvəndin pərakəndə satış qiyməti ilə bərabər özəl xəstəxanalarda peyvəndin vurulması da çox bahadır.


- Azərbaycanda müəyyən səviyyədə uşaq ölümləri var. Bu uşaq ölümlərinin səbəbləri araşdırılıb, uşaq ölümlərinin əsas səbəbləri müəyyənləşdirilibmi?


- Bu araşdırmalar Səhiyyə Nazirliyinin Statistika İdarəsi və müvafiq qurumlar, o cümlədən bizim tərəfimizdən daim aparılır. Bu gün ölkədə 5 yaşına qədər uşaqlar arasında ölüm göstəricisi 13,2 promilledir. Bunun 11,2 promillesi 1 yaşına qədər olan uşaqlardır. Bir yaşdan beş yaşa qədər uşaqlar arasında ölüm göstəricisi çox cüzidir, cəmi 2,2 promille təşkil edir. Araşdırma zamanı da məlum olur ki, 1 yaşına qədər uşaqlar arasında ölüm göstəricisinin ¾-ə yaxını yenidoğulma, çağalıq dövrünə təsadüf edir. Bununla bağlı da dövlətimiz, səhiyyəmiz mümkün olan bütün vasitələrdən istifadə etməklə bu problemi aradan qaldırmaq istəyir. Bu, təkcə Azərbaycanda belə deyil. Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində belədir. Körpə ölümünün böyük hissəsi yenidoğluma, perinatal dövrə təsadüf edir. Bununla əlaqədar da Azərbaycanda silsilə tədbirlər davam etdirilməkdədir. Mən əminəm ki, biz yaxın gələcəkdə bu sahədə də böyük uğurlara nail olacağıq.

Yeri gəlmişkən, yenidoğulma dövründə baş verən xəstələnmə, ölüm halları sırasında cərrahi doğuşların, qeysəriyyə əməliyyatlarının sayının artması və uşaqlarının ana südündən mərhum edilməsi də çox ciddi rol oynayır. Halbuki biz bunlardan uzaqlaşa bilərik. Əgər ana öz körpəsinə süd verərsə, bu problemin biri həll oluna bilər. Yaxud doğuş prosesi təbii yolla aparılarsa, süni yolla aparılmazsa, bu problem də aradan qaldırılar. Təəssüf ki, bu, tək tibb işçilərinin gücü çərçivəsində deyil. Bütün analara hökm edə bilmirik. Təbiətin elə qanunu var ki, onu pozanda təbiət cəza verir, qisas alır. Məsələn, insandan başqa elə canlı tapmaq olmaz ki, dünyaya bala gətirsin və ona başqasının südünü versin. Biologiyada belə bir qanun var. Orada göstərilir ki, hər bir canlının öz balası üçün hasil etdiyi qida maksimum spesifik və maksimum adekvatdır. Yəni həmin qida öz balasından başqa heç bir canlının balasına uyğun gəlmir və bu qida qədər öz balasını qoruyan ikinci qida mövcud deyil. Bir canlının öz balası üçün hasil etdiyi qidanın başqa canlının balasına verilməsi bioloji fəlakət deyirlər. İndi bu gün biz övladımıza ana südü əvəzinə inək südü, yaxud onun bazasında hazırlanmış süni qida qatışıqları veririksə, günahı kimdə axtarmaq lazımdır?! Günahı insanların özündə axtarmaq lazımdır. Qəribəlik, paradoksallıq da ondan ibarətdir ki, dünyada öz övladını hamıdan çox istəyən ana öz övladına süd verməməklə hamıdan da çox öz övladına qəsd etmiş, pislik etmiş olur. Müqəddəs kitabımız Quranda da Bəqərə surəsi var. Həmin surənin 233-cü ayəsində yazılıb ki, müsəlman ana öz övladına əmizdirməni baş çatdırmaq üçün iki il, yaxud 24 ay ana südü verməlidir. Çox təəssüf olsun ki, indi bu haldan uzaqlaşan, ona məhəl qoymayan analar da mövcuddur. Mənim onlara məsləhətim budur ki, bu çox təhlükəli yoldan uzaqlaşsınlar. Övladının sağlamlığını, gələcək inkişafını, cəmiyyətdə normal mövqe tutmasını istəyirlərsə, körpələrini ana südü ilə qidalandırmalıdırlar. Bizim xalqımız müdrik xalqdır, görün ana südü ilə bağlı nə qədər deyimlər var. Bir insan çox yaxşı əməl edəndə, deyirlər ki, bu, ona ana südü kimi halaldır. Yaxud ana südünün həyat mənbəyi olduğu bildirilir. "Dədə Qorqud”da da ana südü, dağ çiçəyi yaralanıb həyatını itirməkdə olan döyüşçünü sağaltmaq üçün məlhəm sayılır. Belə misalları saysız-hesabsız söyləmək olar. Bütün bunları valideynlər nəzərə almalıdırlar, biz valideynlərə güc tətbiq edə bilmərik. Ana dərk etməlidir ki, körpəsini südü ilə qidalandırmırsa, uşağı çox böyük risklər, xəstəliklər qarşısında qoymuş olur.



- Bu gün müqayisəli yanaşsaq, uşaqlar arasında hansı xəstəliklər daha geniş yayılır?



- Bu gün Azərbaycanda uşaqlar arasında heç bir xəstəliyin epidemiyası mövcud deyil, yalnız mövsümi xəstəliklərə rast gəlinir. Payız-qış mövsümündə virus yoluxma hallarından söhbət gedir. Biz ona tibb dilində soyuqdəymə xəstəlikləri deyirik. Soyuqdəymə xəstəlikləri qrup şəklində xəstələnməklə müşahidə olunur. Heç kim deyə bilməz ki, son illərdə Azərbaycanda konkret hansısa xəstəliyin epidemiyası baş verib. Qrip, paraqrip, odinaviruslar, renaviruslar, rotaviruslar, ümumiyyətlə, minlərlə belə viruslar mövcuddur ki, mövsümi xəstəliklər sırasında uşaqların bu və digər belə viruslara yoluxması halları olur. Bunun da qarşısını almaq üçün gərək uşaqların orqanizmi ilin yaz, yay mövsümündə möhkəmləndirilsin. Gərək həm də körpələr ana südü ilə qidalandırılsın. Belə olan halda xəstəliklərin də sayı minimuma endirilmiş olur. Amma dünyada elə ölkə tapmaq olmaz ki, orada körpə yaşlı uşaq ildə azı iki dəfə xəstələnməsin. Bu gün dünyada bütövlükdə o xəstələnmənin qarşısını almaq, kökünü kəsmək mümkün deyil. Dünyanın ən inkişaf etmiş ölkəsində də xüsusən 3 yaşa qədər uşaq ildə ən azı iki dəfə, xüsusən də soyuqdəymə xəstəlikləri ilə xəstələnir.


- Hansı yoluxucu xəstəliklərin anadan uşağa keçməsi ehtimalı daha böyükdür?


- Biz tibdə hamiləliyin ilk 3 ayına orqanogenez dövrü deyirik. Bu ilk 3 ayda ana bətnində bütün üzvlərin və toxumaların mayası qoyulur. O zaman viruslarla xəstələnmək böyük risk sayılır. O halda orqanogenez prosesi pozulur, doğulan uşaqlarda da qüsurlar, anomaliya əlamətləri görünür. Orqanogenez mərhələsindən sonra ana bətnində inkişaf başlayır və orqanogenez mərhələsindən sonra bu xəstəliklərin ciddi fəsadı görünmür. Məsələn, niyə biz qızılca məxmərəyinin kökünü kəsməyə doğru getdik və bunu ölkə miqyasında ləğv edə bildik? Çünki ana hamiləliyin ilk aylarında qızılca məxmərəyinə yoluxursa, uşaq ciddi qüsurlarla doğula bilər.


- Yeri gəlmişkən, rəsmi statistika son illər ölkədə doğulan uşaqlarının sayının azalmaqda olduğunu ortaya qoyur. Bunun səbəbləri nədir?


- Allaha şükür ki, bu gün də Azərbaycanda əhalinin artım indeksi müsbətdir. Hər il əhalimiz 1 faizə qədər artır. Mən o dinamikanı izləmişəm. 1992-1993-cü illərdən başlayaraq 2001-ci ilə qədər doğulan uşaqların sayı hər il azalmaqda davam edirdi. 2001-ci ildə Azərbaycanda ən az uşaq – 110 min nəfər dünyaya gəldi. 2001-ci ildən 2011-ci ilə qədər doğulan uşaqların sayında artım tendensiyası davam etdi, 110 mindən 174 min 600-ə çatdıq. 2011-ci ildən indiyə qədər isə 174 mindən 145 minə qədər azalma var. Bunun səbəbləri nədir? Birincisi, hesab edirəm ki, bu, stabilləşmə ilə bağlıdır. Artım sonsuzluğa qədər ola bilməz, müəyyən həddə çatanda stabilləşmə gedir. İkincisi, bu fenomen dünyada mövcuddur. Qəribədir ki, ölkə nə qədər çox inkişaf edirsə, doğuşun sayı bir o qədər azalır. ABŞ-ı istisna etməklə, Avropa ölkələrinin heç birində bu sahədə inkişaf yoxdur. Almaniya istisna olmaqla, Avropa ölkələrinin hamısında əhalinin artım indeksi mənfidir. Qonşu Rusiyaya baxsaq, SSRİ parçalananda Rusiyanın əhalisi 153 milyon nəfər idisə, indi 147 milyon nəfərə düşüb. Gürcüstanda əhalinin artım indeksi sıfıra bərabərdir. Bədnam qonşumuz Ermənistanda bu sahədə iki dəfə azalma var, əhalinin artım indeksi mənfidir.


Hesab edirəm ki, yeni doğulan uşaqlarla bağlı Azərbaycanda 150-160 min səviyyəsində stabilləşmə gedəcək. Proqnozuma görə, gələcək 10 ildə də əhalinin sayı artdıqca doğulanların sayı 200 min nəfərə qədər artacaq.


- Yəni Azərbaycanda demoqrafik böhran gözləmirsiniz?


- Müstəqilliyimizdən keçən 26 il ərzində 3 milyon nəfər artmışıqsa, bu, böyük nailiyyətdir. 153 milyon əhalisi olan Rusiya 6 milyon nəfər azalıb. Bizim bu gün demoqrafik göstəricilərimizdə həyəcan təbili çalmağa bir əsas yoxdur. Azərbaycanda əhalinin sayı artır və gələn ilin ortalarında da siz də, biz də şahid olacağıq ki, 10 milyon həddini keçdik. Əgər keçən müddət ərzində bir xalq 3 milyon artırsa, bu, çox yaxşı göstəricidir. Kim bəyənmirsə, dünyanın statistikasına baxsın.


- Mətbuatda ana və uşaq ölümlərinə görə tez-tez həkimlər günahlandırılır? Siz necə düşünürsünüz?


- Mən insan, tibb işçisi olaraq qəti şəkildə nə ana, nə də uşaq ölümünün baş verməsini istəmirəm. Bu, doğurdan da faciədir. Ümumiyyətlə, ölüm hər bir ailə, onun əhatəsi, cəmiyyət üçün bir fəlakətdir. Amma statistika ilə maraqlansaq, ABŞ-da son 3 ildə ana ölümünün səviyyəsi 1,5 dəfə artıb. Ana ölümü daha çox qaradərililər arasında artıb. Baxmayaraq ki, ABŞ kifayət qədər qüdrətli bir dövlətdir.


Azərbaycanda ana ölümü göstəricisinə gəlincə, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəlində hər yüz min nəfərə 45-46 nəfər olub. Yəni o illərdə hər yüz min nəfər doğan qadından 46-ı tələf olurdu. İndi bu rəqəm 14-ə düşüb. Burada da 3 dəfədən çox azalma var. Amma bu göstəricini sıfıra endirmək dünyada da mümkün deyil. Elə bir ölkə tapmaq olmaz ki, ana ölümü sıfıra bərabər olsun. Təbii ki, Azərbaycanda səhiyyə sahəsində aparılan tədbirlər ana ölümü göstəricisinin dünyada ən qabaqda gedən ölkələr səviyyəsində azaldılmağa yönəldilib.

- Ana ölümlərinin əsas səbəbləri hansılardır?


- Günahın çox böyük hissəsi hamilə qadınlarda və onun əhatəsində olan insanlardadır. Müşahidələr göstərir ki, bu hadisələrin baş verməsinin əsas səbəbi bu anaların qeydiyyatdan kənarda qalması, hamiləliyini heç kimə bildirməməsi, ucqar kənddə hamilə olub heç bir tibbi xidmət almaması ilə əlaqədardır. Bu işə məsuliyyətsiz və etinasız yanaşmanın nəticələri olur. Təbii ki, qadın hamilə olduğu ilk gündən qeydiyyatda durursa, həkim nəzarətində olursa, o halda fəsad və ölüm halları da kəskin azalmış olur. Bu, reallıqdır. Ona görə də məsləhətim odur ki, o insanlar daim həkimlərin, tibb mütəxəssislərinin nəzarəti altında olsunlar.


Çingiz Əliyev