Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İntihar edənlərin çoxu depressiyaya düşənlərdir" - Psixoloq həyəcan təbili çaldı

  • 2018.03.12 10:15
  • 12736 Baxış
"İntihar edənlərin çoxu depressiyaya düşənlərdir" -  Psixoloq həyəcan təbili çaldı
Hər həftə və hər gün elə olur ki, iki intihar hadisəsi ilə rastlaşırıq. Yenə Azərbaycanın gələcəyi olan gənclik özünü asaraq intihar edir. Elə dünən də Gəncədə 11-ci sinif şagirdi və Xaçmazda 20 yaşlı oğlan özünü asaraq intihar etdi. Nə baş verir?!


Medicina.az xəbər verir ki, moderator.az -ın suallarını cavablandıran psixoloq Elnur Rüstəmov bildirib ki, baş verən intihar hadisələrini araşdırmaq lazımdır:


"İntihar birinci növbədə insan faktorudur. Bizdə intihar hadisələri sırf statistika kimi gedir. Tutaq ki, dünən neçə nəfər intihar etdi, keçən ay neçə nəfər intihar etdi. Bunun üzərində bir araşdırma aparmaq lazımdır ki, intihar edənlər hansı yaş qrupundandır və hansı səbəblərə görə intihar ediblər.İntiharın bəlli bir səbəbi olur. Bunların bir qismi təkrar intihar edənlərdi, bir qisminin ailəylə bağlı narahatçılığı olanlardı və bir qismi də işində problem olan insanlardı ki, intihara cəhd edirlər. Ümumdünya səhiyyə təşkilatı qeyd edir ki, intihar edənlərin böyük bir qismi depressiyaya düşmüş insanlardır. İnsan ümumiyyətlə sabaha pozitiv baxmalıdır. Sabaha pozitiv baxan insan heç vaxt intihar etməz. İntihar daha çox o fərdin içindəki ümidsizliyin nəticəsidir. İnsan sabahını bu gündə yaxşı görə bilmir deyə intihar edir”. 


Elnur Rüstəmov bu sahədə maariflənmənin çox böyük əhəmiyyətə malik olduğunu bildirib:


"Çox yaxşı olardı ki, bu yöndə maariflənmə işi aparılsın, insanlar oxumağa yönləndirilsin. Dünya görüşü daha çox olan insanlar inanmıram ki, daha çox intihar etsinlər”.


Elnur Rüstəmov intihar hadisələrin bölgələrdə baş verməsinə də aydınlıq gətirib:


"İntihar hadisələri daha çox bölgələrdə baş verir, amma bu gün bölgələrimizdə də infastruktur qurulub. Qabaqlar rayonlarımızda işıq və qaz problemləri olardı, amma indi bütün bunların hamısı aradan qaldırılıb. İntiharın ən mühüm səbəblərindən biri də insanın ifrat informasiyayla yüklənməsidir. İnsanlar o qədər informasiya alırlar ki, onlar da narahat olurlar və bu onlara mənfi təsir göstərir”. 


Elnur Rüstəmov medianın bu hadisələri işıqlandırılmasının müsbət və mənfi təsirlərindən də danışıb:


"Bunu dünənə qədər medianın üzərinə qoymaq olurdu. Amma bu gün elədir ki, sosial şəbəkələr var və hər kəsin öz şəxsi səhifəsi var. Bu gün mediaya qədər hadisələri sosial şəbəkədə görə bilirik. Media özü onu sosial şəbəkədən götürüb məlumat kimi verir. Bu gün media diqqətli olmalıdır. Bunu xəbər kimi birmənalı vermək olmaz və başlığa çıxarmaq olmaz. Başlığa çıxarılarsa, o həll yolunu verməlidir. Bəzən yazı oxunsun deyə başlığa elə şeylər çıxarırlar ki, baxanda görürsən ki, başlıqla mövzunun heç bir əlaqəsi yoxdur”.