Həyatımızın demək olar ki, bütün sahələrini əhatə edən müasir texnologiyalar həm uşaqlara həm də böyüklərə təsirsiz ötüşmür. Virtual məkan gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Bu gün istər böyüklər, istərsə də uşaqların əsas ünsiyyət vasitəsi nootbuk, planşet, smartfonlar, internet və sosial şəbəkələrdir. Xüsusilə uşaqların virtual aləmin əsirinə çevrilməsi ciddi problemdir. Kompüter oyunları azyaşlıları virtual məkana cəlb edən əsas faktorlardan biridir.
Mütəxəssislər balacaların virtual oyunlara aludə olmasını bir neçə amillə əsaslandırır. Əsas səbəblərdən biri uşaqların sərgüzəşt və macəra axtarmaq həvəsidir. İkinci səbəb valideynlərin uçaqlara kifayət qədər vaxt ayırmaması, onları nəzarətsiz qoymasıdır. Ailədə valideynlər arasında baş verən mübahisələr də uşaqların kiberməkana qaçmasına şərait yaradır. Bununla onlar ailədə hökm sürən emosional-psixoloji gərginlikdən bir növ yaxa qurtarmağa çalışırlar. Nəhayət, dostlarının, sinif yoldaşlarının və ya həmyaşıdlarının fiziki və psixoloji zorakılıq göstərməsi də uşaqların gününü virtual oyunlar oynamaqla keçirməsinə gətirib çıxara bilər. Ancaq səbəb nə olur olsun, nəticə eynidi - kompüter qarşısında itirilən vaxt uşaqların sağlamlığını əlindən alır. Ancaq ən qorxulusu odur ki, internet oyunları uşaqları intihara qədər sürükləyə bilər.
Psixoloq Gülnarə İnanc Medicina.az-a internet oyunlarının fəsadlarından danışıb: "Virtual oyunlar elekron vasitələrdə oynanılır. Bildiyimiz kimi bu vasitələr ilk növbədə yaydığı şüalarla ziyanlıdır. Kompüter arxasında işləyənlərə hər 15 dəqiqədən bir istirahət etmək, vitaminlərlə qidalanmaq məsləhət görülür. İkincisi, mobil telefon və kompüterdən istifadə görməni zəiflədir. Üçüncüsü, virtual oyunlar, yaxud sosial şəbəkələr bağlılıq yaradır. Hər hansı bir bağlılıqdan yaxa qurtarmaq isə asan deyil. Narkotik, qumar və spirtli içkidən qurtulan neçə nəfər tanıyırıq?. Bunlar barmaqla sayılası qədərdir. Bağlılıq ilk növbədə insanın şüurunda baş verir, sonra isə bədən bağlılığın tələb etdiyi siqnalları alır. İnsan daim içki və narkotik qəbul etmək, qumar oynamaq istəyir. Virtual aləmdəki həyata bağlılıq da eynilə. Virtual aləm uşaqları real aləmdəm uzaqlaşdırır, onların dünyası oynadığı oyunlar və sosial şəbəkə daxilində məhdudlaşır. Sosiallaşa billmirlər, onlar üçün canlı ünsiyyət çətinləşir. Real həyatda özünü idarə etmək çətinləşir. Oyundan, yaxud sosial şəbəkədən ayrılmayan uşaq həm də fiziki inkişafdan qalır. Virtual aləmdə çox olanda inştah ya arta bilər, ya da tamamilə iştahsızlıq yaranar. Bu isə piylənmə və yaxud fiziki zəifliklə nəticələnə bilər. Uşaq psixologiyası və orqanizmi hələ inkişafını bitirmədiyi üçün o, prosesləri özünə daha dərindən hopdurur. Nəticədə virtual aləmdəki proseslər onun gələcəyini formalaşdırır. Uşaq virtual aləmdə prosesləri fraqmentar qavrayır, həyatı geniş planda görə bilmir. Bu isə gələcəkdə ətrafında dövr edəcək hadisələri qəbul etmək və analiz etmək imkanlarını məhdudlaşdırır.”
Araşdırmalar göstərir ki, virtual məkana bağlılığın uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Psixoloq Gülnarə inanc daha bir təhlükyə diqqət çəkir. Uşaqların da aludəçisi olduğu onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Bu cür yunlarda zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına gətirib çıxarır:
"Virtual oyunlar əsasən aqressiya, qan, qəddarlıq üzərində qurulub. Bu oyunlarda mərhələləri keçmək üçün bir canlını öldürməli, yaxud nəyisə dağıtmalısan. Virtual proqramlar böyük gəlir gətirdiyi üçün onlar insan psixologiyasının və mənəviyyatının zəiflikləri üzərində qurulur. Bu oyunları yaradanlar öz gizli psixoloji problemlərini oyuna yükləyir və həmin həmin hisslər şəbəkə vasitəsilə bütün istifadəçilərə yayılır. Fikir vermisinizsə, cəmiyyətdə aqressiya və kin hissi güclənir, qanlı cinayətlər diqqət çəkir. Məsələ ondadılr ki, virtual aləmdəki proqram asta-asta real həyata keçir.Virtual aləmdən kənara çıxan uşaq, yaxud yetişmiş insan proseslərin davamını istəyir və bunu canlı olaraq reallaşdırmağa başlayır."
Uşaqları internet təhlükəsindən qorumaqda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Gülnarə İnanc deyir ki, ağlayan uşağı susdurmaq üçün telefon vermək yox, onunla canlı oyunlar oynamaq, ən azı uşağın virtual aləmdə olmasını məhdudlaşdırmaq lazımdır: "Artıq məlumdur ki, ilk baxışdan çox məsum görünən bəzi səhnələşdirilmiş internet uşaq oyunlarına seksual xarakterli səhnələr daxil edilib. Bu isə uşaqların cinsi inkişafını tezləşdirir və cəmiyyətdə artıq məlum olan fəsadlara gətirir”
Ancaq mütəxəssislər düşünür ki, kompüter və ya şəbəkə oyunları uşaqlar üçün tam ziyanlı deyil. Əksinə qaydasında oynadıqda bu oyunlar yeniyetmələrin xeyrinə də ola bilər. Burada isə yenə də valideynlər baş roldadır. Əvvəla valideylər övladlarına kompüter almaqla öz borclarını yerinə yeridiklərini düşünməməlidirlər. Əsas məsələ uşağı bu avadanlıqdan düzgün istifadə etməyə yönəltməkdir. Psixoloqların fikrincə, valideynlərin diqqət yetirməli olduğu xüsusi bir məqam var - əgər uşaq evə girən kimi kompüterə qaçırsa, kompüterdən aralanmadan yeyir, içir, dərsə hazırlaşırsa, dostları ilə yalnız kompüter oyunlarından və internetdən danışırsa, ondan kompüterdən ayrılmaq tələb etdikdə qəti etiraz cavabı verirsə, kompüterdən aralananda çox aqresivləşirsə bu, artıq ciddi siqnaldır. Belə olan halda valideyn mütləq övladı ilə səmimi söhbət etməli, problemin kökünü öyrənməyə çalışmalıdır. Uşaqları aktiv oyunlara və hərəkət etməyə, idmana cəlb etməklə də onların kompüterə bağlılığını azaltmaq olar. Əgər uşaqların kömpüter qarşısında normadan artıq vaxt keçirməsinin qarşısı alınarsa, valideynlər internetdən düzgün istifadəni aşılayarsa virtual aləm onların düşməninə yox dostuna çevrilə bilər. Çünki, kompüter və ya şəbəkə oyunları qaydasında oynadıqda yeniyetmələrin xeyrinə də ola bilər. Məsələn oyunlar var ki, onlar oyunçudan güclü məntiq, intellekt, mübarizlik, çeviklik, ani reaksiya tələb edir. Psixoloqların fikrincə, valideynlər belə oyunlara gündə 45 dəqiqəyə qədər övladlarına icazə verə bilərlər. Üstəlik bu icazə uşağa yaxşı qiymət alması, özünü yaxşı aparması münasibətilə hədiyyə kimi verilərsə bu daha müsbət effekt verər.
Ayna
Medicina.az