Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnternet insanları xoşbəxt və sağlam hiss etdirir – Araşdırma

  • 2024.05.15 15:05
  • 964 Baxış
İnternet insanları xoşbəxt və sağlam hiss etdirir –  Araşdırma
Dünya miqyasında aparılan bir araşdırma, internetdən istifadənin özünü xoşbəxt və sağlam hiss etməklə əlaqəli olduğunu göstərib.

Medicina.az xəbər verir ki, internetdən istifadənin ümumiyyətlə psixi sağlamlığa mənfi təsirləri olduğu düşünülsə də, bu sahədə aparılan araşdırmalar daha çox sosial media üzərində cəmlənir.

Məsələn, ötən il aparılan bir araşdırma sosial mediadan istifadəni azaltmağın depressiya və narahatlıq üçün yaxşı olduğunu üzə çıxarmışdı.

Oksford və Tilburq universitetlərindən tədqiqatçılar tərəfindən aparılan yeni araşdırmada isə ümumi olaraq internetə çıxışın və istifadənin təsiri araşdırılıb.

168 ölkədən 2,4 milyondan çox insanın daxil olduğu araşdırmanı aparan qrupun məlumatına görə, bu, indiyədək həmin sferada aparılan ən böyük araşdırmadır.

“Technology, Mind and Behaviour” jurnalında dərc edilən araşdırmada 2006-2021-ci illər arasında 15 və daha yuxarı yaşda olan 2,4 milyondan çox insanın məlumatları təhlil edilib.

İştirakçılardan həyatdan məmnunluq, sosial həyat, məqsədlər və sosial vəziyyət kimi müxtəlif aspektlərdə rifahlarını qiymətləndirmələri tələb olunub.

Gəlir, təhsil səviyyəsi, sağlamlıq kimi bir çox faktoru nəzərə alan tədqiqatçılar, demək olar ki, 85 faiz hallarda internetə qoşulma ilə rifah hissi arasında müsbət korrelyasiya müşahidə ediblər.

Məqalənin həmmüəllifi Prof. Endryu Şbilski deyir ki, sübutlar internetin psixologiyaya yalnız mənfi təsirləri olmadığını, müsbət təsirləri ola biləcəyini də göstərir:

"Onlayn dünyanı gənclər üçün daha təhlükəsiz etmək istəyiriksə, güclü qərəzli yanaşmalardan uzaq durmaq lazımdır".

Tədqiqat diqqətəlayiq olsa da, onun bəzi məhdudiyyətləri də var. Məsələn, tədqiqatçılar bu müsbət əlaqənin arxasındakı səbəb-nəticə əlaqəsini izah etmirlər. İştirakçıların internetdən nə qədər və hansı məqsədlə istifadə etdikləri də məlum deyil.

London Universitet Kollecindən Dr. Ruf Plekett araşdırmanın sosial media istifadəsinə diqqət yetirmədiyinə diqqət çəkir və deyir:

“Biz bilirik ki, gənclər bu platformalarda zərərli məzmuna məruz qala bilərlər. Bu da internetdən istifadə ilə bağlı daha çox mənfi assosiasiyalara səbəb ola bilər”.

Araşdırma internetdən istifadə ilə sosial rifah hissi arasındakı əlaqənin 5 faizinin mənfi olduğunu da ortaya çıxarıb. Bu, daha çox 15-24 yaş arası qadın və qızlarda müşahidə olunub.

Tədqiqatçıların fikrincə, bu tapıntı internetdən istifadənin bu insanları bədbəxt etdiyi anlamına gəlməsə də, gənc qadınlarda sosial mediadan istifadə ilə depressiya əlamətləri arasında mənfi əlaqəni göstərən digər araşdırmalarla uyğun gəlir.


Aysel