Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnteqrativ tibbin əsas mahiyyəti və üstünlükləri - ATU professoru

  • 2024.12.19 14:49
  • 136 Baxış
İnteqrativ tibbin əsas mahiyyəti və üstünlükləri  - ATU professoru
Tibb elmlər doktoru, professor Musa Qəniyev
ATU-nun farmakologiya kafedrası


Xəstəlik və ya patologiya orqanizmdə fizioloji proseslərin normal gedişinin pozulmasına səbəb olan hər hansı bir amilin (endogen və ya virus, mikrob və s. kimi ekzogen amilin) təsirinin nəticəsi kimi meydana çıxır. Bu halın korreksiyası və orqanizmin pozulmuş funksiyalarının bərpası, təkcə müvafiq dərman maddələrinin təyinat prinsipilə deyil, həmçinin aparılan dərman terapiyasının xüsusiyyəti, xüsusən müvafiq tibbi yanaşmanın düzgün seçimindən bilavasitə asılıdır.


Məlumdur ki, ənənəvi, yəni akademik tibbi yanaşmada, patoloji prosesin etioloji səbəb və klinik simptomlarına əsaslanan əsasən profilaktik, etiotrop, palliativ, yəni allopativ və əvəzedici dərman terapiyasından istifadə olunur. Bütün halda, alınma mənbəsindən (nəbatat, heyvanat, sintetik və s.) asılı olmayaraq dərman maddəsindən istifadə, orqanizmdə fizioloji sistemlərin pozulmuş fəaliyyətinin bərpası və baş vermiş patoloji proseslərin aradan qaldırılması məqsədi daşıyır. Bunun üçün dərmanların təsirində 3 istiqamət əsas və həlledici hədəf sayılır:


a) somatik və ya neyro-psixoloji pozulmalara səbəb olan proseslərə təsir;
b) çatışmazlığı müxtəlif xəstəliklərə səbəb olan və insan orqanizminin özündə əmələ gələn endogen və ya xaricdən daxil olması zəruri olan ekzogen aktiv maddələrin, mayelərin, duzların və s. pozulmuş balansını bərpa etmək;

c) orqanizmdə müxtəlif xəstəliklər törədən mikrob, parazit və s. məhv etmək, eləcə də orqanizmdə əmələ gələn zərərli maddələri inaktivləşdirmək və ya bu kimi amillərin orqanizmdən kənarlaşdırılmasını təmin etmək.

Məlumdur ki, istənilən xəstəlik və patoloji proseslərin farmakoloji korreksiyası, eləcə də aradan qaldırılmasının həlledici şərti, orqanizmdə müdafiə və bələdləşmə kimi kompleks özünütənzim immun mexanizmlərinin stimulyasiyası və bunun təminatının həlledici şərti olan sanogenetik terapiyadır.


Ənənəvi tibbin əsas və həlledici şərti, xəstəliyin yuxarıda qeyd olunan etiopatogenetik səbəb və klinik simptomlarına əsaslanan farmakoterapevtik yanaşmadır. İnteqrativ təbabətdə isə, müalicəyə fokuslanma insanın tamlıq vəhdətinə (fiziki, emosional və mənəvi sağlamlıq) istinad etdiyindən, burada ənənəvi və alternativ təbabət vəhdət halında götürülür. Başqa sözlə desək, ekzogen dərman maddələrinin müalicəvi təsiri, paralel olaraq alternativ müalicə üsullarından (iynəbatırma, biotənzimləyici terapiya, izopatik terapiya və s.) istifadə etməklə, xəstəlikəleyhinə endogen mexanizmlərin stimulyasiyası (sanogenerik terapiya) fonunda aparılır. Odur ki, inteqrativ tibbin əsas prinsipi və ənənəvi tibbdən üstünlüyü aşağıdakılardı:


1. Xəstəliyə yanaşmanın dürüstlük şərti. Yəni ayrı-ayrı klinik
simptomların deyil, orqanizmin bütöv, tam və vəhdət halında müalicəsi.

2. Müalicəyə kompleks yanaşma. Bu, tək orqanik pozulma və fiziki çatışmazlıq halının deyil, emosional problemlərin də aradan qaldırılmasını təmin və tələb edir.

3. Pozitiv yüklənmə orqanizmdə xəstəlikəleyhinə sistemlərin stimulyativ fəallığının həlledici şərti olduğundan, müalicənin gedişində xəstənin özünün aktiv iştirakının təmin edilməsi.

4. Sanogenetik mexanizmlərin aktivləşməsinin nəticəsi olaraq, məlum preparatların istifadə dozasının azaldılması və bunun nəticəsi olaraq əlavə və arzuolunmaz effektlərin minimuma endirilməsi.
Qeyd etmək lazımdır ki, İnteqrativ təbabət tibbin yeni, əslində XXI əsrin təbabətidir. Odur ki, İnteqrativ tibbdə aparılacaq müalicənin həlledici şərti, müalicəyə cəlb olunan xəstələrə bu tibbi yanaşmanın üstünlük, təhlükəsizlik və effektivliyi haqqında əsl elmi həqiqətlərin verilməsidir.