Tibb elminin çoxsaylı uğurlar qazanmasına baxmayaraq, müasir dövr xəstəliklərin artması ilə xarakterizə olunur. Demək olar ki, əksər insanlar orta yaşlarından etibarən bir və ya bir neçə xəstəlikdən əziyyət çəkir.
Çoxsaylı tibb mərkəzlərində müxtəlif ixtisaslı həkimlərin səylərinə baxmayaraq bu xəstəliklərin bəzilərini müalicə etmək demək olar ki, mümkün olmur. Belə hallar insanların həyat keyfiyyətini pisləşdirməklə yanaşı, həkimlərə və tibb elminə inamı getdikcə azaldır və sonda xəstə öz xəstətəliyi ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalır.
Səbəb nədir? Getdikcə pisləşən ekologiya (yaşadığımız mühit) – suyun, torpağın, havanın çirklənməsi. Qidalanma - hazırda qidaların əksəriyyəti keyfiyyətsizdir və sağlamlığa zərər verən konservantlarla zəngindir. Sağlam qida tapmaq getdikcə çətinləşir. Çoxsaylı streslər – səs-küy, nəqliyyat və əhali sıxlığı, ağıllı telefon və komyuterlərin həyatımıza getdikcə artan müdaxiləsi və s. - bütün bunlar bizi daim gərgin vəziyyətdə saxlayır. Sanki istirahət etmək üçün yer tapmaq da getdikcə çətinləşir.
Beləliklə, insan orqanizminə əlverişsiz təsir göstərən bu və ya digər çoxsaylı amillər xəstəliklərin müalicəsinə yeni yanaşmalar tələb edir. Diaqnoz qoymaq və müalicə etmək üçün tətbiq edilən ənənəvi üsullar bir çox hallarda effektsiz qalır.
Ənənəvi müalicə üsulları effektsiz qaldığı hallarda digər üsullardan, xüsusən alternativ üsullardan istifadə müalicə imkanlarını daha da artırır. Başqa sözlə, xəstəliyi müalicə etmək üçün ənənəvi müalicə üsullarına digər üsulların əlavə edilməsi lazım gəlir. Beləliklə, hazırda müalicə üçün yeni yanaşma - İnteqrativ Tibb inkişaf etməkdədir. İntegration – “birləşmə” mənasını verən söz xəstənin müalicəsi üçün bütün müvafiq müalicə üsullarını birləşdirməyin zəruriliyini ifadə edir.
İnteqrativ Tibb xəstəni müalicə etmək üçün müasir tibbin bütün ən yaxşı müalicə üsullarının birləşdirilməsini (inteqrasiyasını) nəzərdə tutan yeni bir sahədir. İnteqrativ Tibbin üsulları bir birini tamamlayır və xüsusən xroniki xəstəliklərin müalicəsində böyük nailiyyətlər əldə etməyə imkan verir. Fərdin sağlamlığının beş əsas - fiziki, emosional, sosial, mənəvi və intellektual aspektləri var ki, inteqrativ yanaşma bu sahələrin heç birini diqqətdən kənarda saxlamır. İnteqrativ Tibb - ənənəvi allopatik müalicə üsullarını ənənəvi olmayan müalicə üsulları ilə birləşdirən və xəstənin fiziki, emosional və mənəvi ehtiyaclarına cavab verən bir fəlsəfədir.
Ənənəvi olmayan müalicə üsullarına əsaslanan təbabət bəzən tamamlayıcı və alternativ tibb adı ilə də tanınır. Alternativ tibbin biotənzimləyici təbabət, o cümlədən homeopatiya və izopatiya, akupunktura, manual terapiya, fitoterapiya, meditasiya və s. kimi çoxsaylı üsulları hazırda İnteqrativ Tibbin "alətlər qutusuna" daxil edilə bilər.
İnteqrativ Tibb həkimləri sözün həqiqi mənasında yalnız xəstəliyi deyil, bütün orqanizmi müalicə etmək üçün çalışır. Bu zaman həkim bütün müalicə üsullarını birləşdirərək şəfa vermək üçün orqanizmə zərər vermədən daha az müdaxilə etməklə, daha az vəsait tələb edən müalicə üsullarına diqqət yetirir.
İnteqrativ Tibb hətta müalicəsi mümkün olmayan bəzi hallarda –şəkərli diabet, autoimmun xəstəliklər, bədxassəli şişlər, davamlı ağrı, fibromialgiya və bir çox digər xəstəliklər zamanı yorğunluq, ağrı və narahatlığı azaldaraq simptomlarını daha yaxşı idarə etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
2005-ci ildə İnteqrativ Tibb Akademik Sağlamlıq Mərkəzləri Konsorsiumu İnteqrativ Təbabəti aşağıdakı kimi təyin etmişdir: həkim və xəstə arasındakı əlaqənin əhəmiyyətini bir daha təsdiq edən, bütün orqanizmə diqqət yetirən, sübutlara əsaslanan, optimal sağlamlıq və şəfa əldə etmək üçün bütün uyğun terapevtik yanaşmalardan, səhiyyə xidmətlərindən istifadə edən tibbi təcrübədir.
Bu gün artıq bütün dünyada müasir səhiyyə sisteminin getdikcə inteqrasiyaya daha çox yönəldiyi göstərilir. İnteqrativ Tibb dünyanın 40-a yaxın universitetində tədris edilir və çoxsaylı klinikalar fəaliyyət göstərir. Azərbaycanda “İnteqrativ Tibb” səhəsində təcrübə toplamış, bir sıra xəstəliklərin müalicəsində çox uğurlu nəticələr əldə etmiş Bioloji Təbabət Klinikaları şəbəkəsi artıq 15 ildir fəaliyyət göstərir.
İnteqrativ Tibb sahəsində toplanmış təcrübəni nəzərə alaraq son illərdə Beynəlxalq Elmlər Akademiyası nəzdində “İnteqrativ Tibbdə elmi araşdırmalar mərkəzi” fəaliyyətə başlamışdır.
t.e.d., professor Akif Qurbanov
ATU, Tibbi mikrobiologiya və immunologiya kafedrası